REGİONLAR
Naxçıvan Dövlət Televiziyasının verilişləri dünyanın bir çox ölkələrində izlənilir
Naxçıvan, 4 noyabr, AZƏRTAC
Son 15 gündə Naxçıvan Dövlət Televiziyasının (NTV) verilişlərinə internet üzərindən ən çox baxış Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Ermənistan, İran, ABŞ, Almaniya və digər ölkələrdən qeydə alınıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 17-də istifadəyə verilən www.naxcivantv.az internet saytına ötən 15 gündə, ümumilikdə, dünyanın 30 ölkəsindən 70 mindən çox baxış olub.
2013-2016-cı illərdə isə NTV-nin videomaterialları daha çox Rusiya, Türkiyə, Ermənistan və Ukraynada izlənilib.
NTV-nin “YouTube” videohostinqində, “Facebook”, “Twitter” və “İnstagram” sosial şəbəkələrində də səhifələri yaradılıb. Televiziyanın “YouTube” videohostinqindəki kanalına 850-dən çox veriliş, videoçarx, sosial çarx, anons, teleetüd, xəbər süjeti, televernisaj, sənədli və televiziya filmləri yerləşdirilib. Bu videomateriallara, ümumilikdə, 1 milyondan çox baxış olub və ümumi izlənmənin müddəti 3 milyon dəqiqəni ötüb.
Yeni yaradılmasına baxmayaraq, televiziyanın “Facebook” sosial şəbəkəsinin 11 minə yaxın istifadəçisi var. Səhifədə yerləşdirilmiş 1000-dən çox materiala, ümumilikdə, 1 milyon 400 mindən çox baxış olub. NTV-nin digər sosial şəbəkələrdəki səhifələrinə yerləşdirilmiş videomateriallara isə baxış sayı, ümumilikdə, 2 milyon 700 mini ötüb.
Qeyd edək ki, NTV bu il oktyabrın 17-də internet üzərindən HD formatda canlı yayıma başlayıb. Saytda “Haqqımızda”, “Redaksiyalar”, “Proqram”, “Xəbərlər”, “Videoarxiv”, “Əlaqə”, “Canlı yayım və arxiv” bölmələri yer alır. İstifadəçilər “Canlı yayım və arxiv” bölməsinə keçid etməklə, NTV-ni internet üzərindən birbaşa izləyə bilirlər. Həmçinin həftə ərzində efirdə yayımlanan proqramlara da həmin bölmədən baxmaq mümkündür.
“Anonslar”, “Televernisaj və videoçarxlar”, “Aktual”, “İctimai”, “Turizm”, “Reklamlar və elanlar” bölmələrində olan məlumatlar müntəzəm yenilənir, “Rəsmi xəbərlər” bölməsindəki materiallar isə Azərbaycan dilindən başqa, ingilis və rus dillərində də yayımlanır.