REGİONLAR
Naxçıvan Dövlət Universiteti beynəlxalq layihələrdə uğurla təmsil olunur
Naxçıvan, 18 aprel, AZƏRTAC
Bir sıra beynəlxalq layihələrdə təmsil olunan Naxçıvan Dövlət Universitetinin tərəfdaşı olduğu “Erasmus+” proqramının əsas məqsədi tərəfdaş ölkələrdəki təhsil müəssisələri ilə Avropadakı universitetlər arasında əməkdaşlığı inkişaf etdirməkdən ibarətdir.
“Erasmus+” proqramının “Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması” (AESOP) layihəsi çərçivəsində layihənin regional tərəfdaşları arasında Xəzər Universitetində reallaşan ilk görüşdə Naxçıvan Dövlət Universiteti də tərəfdaş kimi təmsil olunub. Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru Seymur Talıbov və beynəlxalq əlaqələr şöbəsinin müdiri Röya Səfərova görüşdə iştirak edərək sorğu nəticələri haqqında məlumat veriblər. Görüş zamanı nümayəndələr ehtiyacların qiymətləndirilməsi mövzusunda universitetlərdə aparılan sorğuların nəticələrini diqqətə çatdırıblar.
Həmçinin Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru Seymur Talıbov, beynəlxalq əlaqələr şöbəsinin müdiri Röya Səfərova, ingilis dili və tərcüməsi kafedrasının müdiri Ceyran Quliyeva “AESOP Erasmus+” layihəsi iştirakçılarının Varşava şəhərində keçirilən növbəti görüşündə iştirak ediblər. Layihənin regional tərəfdaşlarının görüşünün əsas məqsədi Varşava Universitetinin Ombudsman ofisinin fəaliyyəti ilə tanış olmaq və onların təcrübələrini öyrənməkdən ibarət olub.
Görüşdə beynəlxalq əməkdaşlıqla bağlı müzakirələr aparılıb.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu