REGİONLAR
Naxçıvan Dövlət Universiteti beynəlxalq layihələrdə uğurla təmsil olunur
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq beynəlxalq layihələrin dünya təhsil sisteminə inteqrasiya, beynəlxalq təcrübə mübadiləsi, tədrisin səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazanın gücləndirilməsi, tələbələrin xaricdə təhsil alması, yeni informasiya texnologiyalarının tətbiqi, beynəlxalq əlaqələrin inkişafı baxımından əhəmiyyətindən bəhs edib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin qayğısı və dəstəyi ilə dünyanın tanınmış universitetləri ilə əməkdaşlıq, beynəlxalq layihələrə qoşulmaq üçün yaradılan şəraitdən yetərincə faydalanmaq lazımdır. Beynəlxalq təhsil proqramlarına qoşulmağın əsas məqsədi ali təhsil qurumları arasında tərəfdaşlığı inkişaf etdirmək, qlobal səviyyədə ölkələrarası mənəvi, mədəni əlaqələri möhkəmlətməkdir.
Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov NDU-nun Azərbaycan ali məktəbləri içərisində ən irihəcmli layihə olan, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə birgə həyata keçirilən “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi, NDU-nun TEMPUS proqramı ilə qarşılıqlı əməkdaşlıq şəraitində 5 layihənin iştirakçısı olması, Türkiyə Respublikasındakı universitetlər ilə dünya universitetləri arasındakı qarşılıqlı müəllim və tələbə mübadiləsi proqramı olan “Mövlanə” Mübadilə Proqramı çərçivəsində 8 nəfər tələbənin Türkiyədə tibb təhsilini davam etdirməsi barədə ətraflı məlumat verib.
Bildirilib ki, Avstriyanın “Gain&sustain” (“Əldə etmək və saxlamaq”) təşkilatı ilə birgə həyata keçirilən layihələr, “Dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi” layihəsi təhsilin və tədrisin müasir tələblər səviyyəsində qurulmasına xidmət edir. Yaxın gələcəkdə yeni layihələrin reallaşdırılması nəzərdə tutulur. Naxçıvan Dövlət Universitetinin pediatriya kafedrasının baş müəllimi, tibb elmləri üzrə fəlsəfə doktoru, Avropa Şurasının Şərqi Avropada Tibb Təhsilinin Müasirləşdirilməsi (MUMEENA) layihəsinin yerli əlaqələndiricisi Elmar Rzayev bu layihənin tibb sahəsində təcrübəli mütəxəssislərin hazırlanması baxımından əhəmiyyətindən bəhs edib. “Erasmus Mundus” layihəsinin əlaqələndiricisi, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədov “Erasmus Mundus” proqramı çərçivəsində görülən işlərlə bağlı məruzə edib.