REGİONLAR
Naxçıvan Dövlət Universiteti ilə Ərzurum Atatürk Universiteti arasında memorandum imzalanıb
Naxçıvan, 31 oktyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Ərzurum Atatürk Universitetində olub.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Ərzurum Atatürk Universitetinin rektoru, professor Ömər Çomaklı ilə görüş keçirilib. Ömər Çomaklı qeyd edib ki, 20 fakültə, 7 institut və 10-a yaxın yüksək məslək məktəbinin fəaliyyət göstərdiyi, on minlərlə tələbənin təhsil aldığı Ərzurum Atatürk Universitetinin beynəlxalq əlaqələrində Azərbaycan ali məktəblərinin, o cümlədən NDU-nun özünəməxsus yeri var.
Saleh Məhərrəmov bildirib ki, NDU ilə Türkiyə universitetləri arasında əməkdaşlıq iki ölkənin dostluq və qardaşlıq münasibətləri sayəsində uğurla davam etdirilir. Bu gün NDU Türkiyənin 40-dan çox ali təhsil ocağı ilə əlaqə qurub. Bunlar arasında Ərzurum Atatürk Universiteti ilə təməli 1992-ci ildən qoyulan əməkdaşlıq əlaqələri xüsusi yerə malikdir. Universitetlərarası əməkdaşlıq müqaviləsinə əsasən elm və təhsilin inkişafı istiqamətində müştərək əhəmiyyətli addımlar atılmaqdadır. NDU-nun tibb fakültəsinin və baytarlıq təbabəti ixtisasının tələbələri müxtəlif vaxtlarda Ərzurum Atatürk Universitetində təcrübədə olublar.
Səfər zamanı universitetlər arasında beşillik əməkdaşlıq memorandumu imzalanıb. Memorandum elm, mədəniyyət və sosial sahədə birgə fəaliyyəti nəzərdə tutur. Sənəddə NDU-nun tibb ixtisasının müəllim və tələbələrinin Ərzurum Atatürk Universitetində təcrübə keçmələri məsələsi də öz əksini tapıb.
Səfər zamanı Ərzurum Atatürk Universitetində tibb təhsilinin səviyyəsi, əczaçılıq, stomatologiya və digər tibb profilli fakültələrdəki tədris prosesi ilə tanışlıq olub. NDU-nun nümayəndə heyəti 2 minə yaxın tibbi personalın xidmət göstərdiyi 1400 çarpayılıq universitet xəstəxanasına da baş çəkib.