REGİONLAR
Naxçıvan Dövlət Universitetində 300-dən çox xarici tələbə təhsil alır
Naxçıvan, 4 noyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində (NDU) 300-dən çox xarici ölkə vətəndaşı uğurla təhsil alır. Onlar yeni dostlar qazanır, müxtəlif mədəniyyətlərin birlikdə yaşadığı tolerant cəmiyyətimizdə nümunəvi multikulturalizm dəyərlərinin şahidi olurlar.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu barədə “Azərbaycanda dini tolerantlığın və multikultural dəyərlərin qorunmasında gənclərin rolu” mövzusuna həsr olunmuş “dəyirmi masa”da danışılıb.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov vurğulayıb ki, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Mədəniyyətlərin qovuşduğu məkanda yerləşən Azərbaycanda heç vaxt dini və etnik zəmində qarşıdurma olmayıb. Respublikamızdakı tolerantlıq mühiti beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Bu gün Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün bütün zəruri siyasi və sosial şərait mövcuddur.
Universitetin fəlsəfə və sosial işin təşkili kafedrasının müdiri, dosent Novruzəli Rəhimov və kafedranın baş müəllimi Bağır Babayev çıxış edərək multikulturalizmlə bağlı fənlərin respublikamızın 20 ali təhsil ocağında, o cümlədən NDU-da uğurla tədris olunduğunu vurğulayıblar, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti haqqında ətraflı məlumat veriblər.
Qeyd olunub ki, bu gün ölkəmizdə dinindən, dilindən, milliyyətindən asılı olmayaraq, hamı qarşılıqlı hörmət şəraitində yaşayır. Azərbaycanda bu sahədə nadir təcrübə əldə edilib. Tolerantlıq xalqımızın adi həyat tərzi və dövlət siyasətidir.
“Dəyirmi masa” maraqlı diskussiya şəraitində davam edib, tələbələrin sualları cavablandırılıb.
Tədbirdə mövzu ilə bağlı slaydlar nümayiş olunub.