REGİONLAR


Naxçıvan Dövlət Universitetində Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd olunub

Naxçıvan, 28 iyul, AZƏRTAC 

Xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini, ədəbiyyatını yaşadan, inkişaf etdirən onun dilidir.

Naxçıvan Dövlət Universitetinin mətbuat şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu fikirlər universitetdə 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə keçirilən elmi-praktik konfransda səsləndirilib.

Tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, Azərbaycan əlifbası və Azərbaycan dili günü ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanına əsasən qeyd edilir. Rektor bildirib ki, Ulu Öndərin əsasını qoyduğu dövlət dili siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latin qrafikasi ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı, 2013-cü il aprelin 9-da imzaladığı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” Azərbaycan dilinə və dilçiliyinə diqqət və qayğının ifadəsi olmaqla, həm də bu sahədə görüləcək mühüm işlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə şərait yaradıb.

Jurnalistika və dünya ədəbiyyatı kafedrasının dosenti İman Cəfərli “Molla Nəsrəddin jurnalı və Azərbaycan dili” mövzusunda çıxışında molla nəsrəddinçilərin ana dilinin saflığının qorunması istiqamətində apardığı gərgin mübarizədən danışıb. Qeyd olunub ki, jurnal ana dili uğrunda mübarizənin başında dayanıb, ana dilində yazmağın və danışmağın canlı klassik nümunəsinə çevrilib.

“Dilimiz ali varlığımızdır” mövzusunda çıxış edən fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının dosenti Mehriban Quliyeva dünyada 6700-ə yaxın dil olduğunu qeyd edib. Vurğulayıb ki, Azərbaycan dili öz təmizliyini qoruyub saxlayıb. Çıxışda son dövrlərdə dilimizə keçən lazımsız söz və ifadələrdən qorunmağın və gənc nəslə öz dilimizin zənginliklərini sevdirməyin vacibliyi diqqətə çatdırılıb.

Konfransda verilən suallar cavablandırılıb, təkliflər və tövsiyələr dəyərləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.