REGİONLAR


Naxçıvan Dövlət Universitetində “Qeyri-müəyyən inteqral hesabı” kitabının təqdimatı olub

Naxçıvan, 30 may, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində (NDU) ümumi riyaziyyat kafedrasının müdiri, dosent Məhəmməd Namazovun və dosent Miryasin Eminovun ali təhsil ocağının 50 illik yubileyi münasibətilə hazırladıqları “Qeyri-müəyyən inteqral hesabı” adlı kitabın təqdimat mərasimi olub.

NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, universitetin elmi işlər üzrə prorektoru, dosent Mübariz Nuriyev tədbirdə çıxış edərək ölkəmizdə və Naxçıvan Muxtar Respublikasında elmin bütün sahələrinə göstərilən dövlət qayğısından, kadr hazırlığı işindən, NDU-nun bu sahədəki fəaliyyətindən danışıb. Prorektor müəllifləri təbrik edərək, onlara nailiyyətlər arzulayıb.

Riyazi analiz kafedrasının müdiri, dosent Elşad Ağayev kitab haqqında məlumat verərək bildirib ki, 8 fəsildən ibarət olan dərs vəsaitində qeyri-müəyyən inteqralın tərifi, xassələri, inteqrallama cədvəli və metodları təqdim olunub. Həmçinin ardıcıl olaraq rasional, irrasional, triqonometrik ifadələrin inteqrallanması, onların inteqrallanmasında istifadə olunan üsullar, düsturlar və sair verilib. Kitaba Maksudov əvəzlənməsi, rasional ifadələrin hesablana bilmə şərti, qeyri-ənənəvi inteqrallama metodu da əlavə olunub.

Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Sahib Əliyev “Qeyri-müəyyən inteqral və onun hesablanması” mövzusunda çıxış edərək ali təhsil ocaqlarının mexanika-riyaziyyat, riyaziyyat və riyaziyyat-informatika müəllimliyi ixtisaslarının tələbələri üçün nəzərdə tutulmuş kitabın Azərbaycan elminə qiymətli töhfə olduğunu deyib.

Kitabın müəlliflərindən riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Miryasin Eminov çıxış edərək dərsliyin yazılmasında məqsədin müasir proqrama uyğun və qeyri-müəyyən inteqral haqqında daha geniş məlumat verə biləcək vəsaitin yaradılmasından və əldə edilən yeniliklərin vəsaitə daxil edilməsindən ibarət olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.