REGİONLAR
Naxçıvan Dövlət Universitetində dövlət müstəqilliyinin bərpasının 25 illiyi qeyd edilib
Naxçıvan, 16 noyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin (NDU) incəsənət fakültəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə və 17 Noyabr - Milli Dirçəliş Gününə həsr edilən “Tarixin dərinliklərindən süzülüb gəlmiş Azərbaycan” adlı konsert proqramı təşkil olunub.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, konsertdən əvvəl universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan xalqının milli müstəqilliyini qazandıqdan sonra əldə etdiyi nailiyyətlərdən və Milli Dirçəliş Gününün tarixindən danışıb.
Rektor qeyd edib ki, milli müstəqilliyimizin yenidən qazanılmasının təməli məhz Naxçıvanda, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qoyulub. Tarix boyu öz əlverişli siyasi-coğrafi mövqeyi, təbii sərvətlərinə görə işğalla üz-üzə qalan Azərbaycan bu gün öz müstəqil siyasəti, demokratik inkişafı ilə beynəlxalq arenada nüfuz qazanıb, qətiyyətli söz sahibinə çevrilib. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” 2016-cı il oktyabrın 11-də imzaladığı Sərəncamın əhəmiyyətindən danışan rektor milli müstəqilliyin elm və təhsilin, mədəniyyət və incəsənətin inkişafındakı müstəsna rolunu vurğulayıb.
Konsert proqramı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Validə Hüseynovanın xormeysterliyi ilə Qara Qarayevin “Xoşbəxtlik” kantatası ifa olunub. Solo oxuma ixtisasının tələbələri İlkin Abdullayev, Rüstəm İbrahimov, Məhərrəm Quliyev tanınmış bəstəkarlardan Elza İbrahimova, Ələkbər Tağıyev və Əlibaba Məmmədovun repertuarından olan, vətən sevgisini tərənnüm edən mahnıları yüksək professionallıqla ifa ediblər.
Fakültə dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədovanın müşaiyəti ilə xor tərəfindən ifa olunan “Yaşasın müstəqil Azərbaycan!” adlı yeni mahnısı tədbirə bayram əhval-ruhiyyəsi bəxş edib.