REGİONLAR
Naxçıvan Dövlət Universitetində qarşıda duran vəzifələr müzakirə olunub
Naxçıvan, 28 iyul, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində (NDU) dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyasının müzakirəsinə həsr olunmuş yığıncaq keçirilib.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbiri rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq, iyulun 21-də keçirilən sessiyada müzakirə edilən məsələlərdən danışıb.
Qeyd olunub ki, 2015-ci ilin birinci yarım ili ali məktəb üçün də uğurlu nəticələrlə əlamətdar olub. Muxtar respublika rəhbərinin xüsusi diqqət və qayğısı ilə universitetin maddi-texniki bazası gücləndirilib, universitet xəstəxanasının və baytarlıq təbabəti ixtisasının yeni binaları istifadəyə verilib. Azərbaycan ali məktəbləri içərisində ən irihəcmli layihə olan, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə birgə həyata keçirilən “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin tamamlanması bütövlükdə Azərbaycan ali təhsil tarixində əlamətdar hadisədir. Universitetin beynəlxalq əlaqələri genişləndirilib, TEMPUS, HUMERİA, “Mövlana” proqramları çərçivəsində tələbə mobilliyi istiqamətində mühüm nailiyyətlər əldə olunub. “Elektron Naxçıvan-10: təhsil prosesinin təkmilləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarının rolu”, “Naxçıvan və Şərqi Anadolu abidələri”, “Kənd təsərrüfatının inkişafı: reallıqlar və perspektivlər” kimi beynəlxalq elmi konfranslar keçirilib.
Yığıncaqda universitetin mühasibat uçotu və maliyyə kafedrasının dosenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru Mehriban İmanova “2015-ci ilin 6 ayında Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafına dair”, həmin kafedranın müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Mehdi Bağırov “2014-cü il Naxçıvan Muxtar Respublikası büdcəsinin yerinə yetirilmə vəziyyəti” barədə məruzələr ediblər.
Məruzələrdə bildirilib ki, 2015-ci ildə təhsil, mədəniyyət, səhiyyə və digər sahələrə investisiya qoyuluşu artıb, yeni obyektlər istifadəyə verilib. Cari ilin ilk 6 ayı ərzində ümumi daxili məhsul istehsalının həcmi bir il öncəyə nisbətdə 5 faiz artaraq 1 milyard 86 milyon 578 min manat təşkil edib, 2014-cü ildə bütün mənbələr hesabına 66 milyon 800 min manat proqnoza qarşı 74 milyon 84 min 717 manat vəsait daxil olub, tapşırıq 110,9 faiz icra olunub. Bu, nəzərdə tutulan məbləğdən 7 milyon 284 min 717 manat, 2013-cü illə müqayisədə isə 14,2 faiz, yaxud 9 milyon 227 min 94 manat çoxdur.