REGİONLAR
Naxçıvan Dövlət Universitetinin müəllimləri nüfuzlu mükafata layiq görülüblər
Naxçıvan, 25 iyun, AZƏRTAC
“Avropa Nəşr Mətbuat Evi” mükafat komissiyasının qərarı ilə Naxçıvan Dövlət Universitetinin (NDU) üç müəllimi “Ən yaxşı vətənpərvər tədqiqatçı-alim” qızıl medalı ilə təltif olunub.
NDU-nun Mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, universitetin tibb fakültəsinin dekanı, dosent Elsəvər Əsədov, həmin fakültənin tibbi klinik fənlər kafedrasının dosenti, tibb üzrə elmlər doktoru İsa Abdullayev və kafedranın dosenti Gültəkin Əliyeva apardıqları uğurlu elmi tədqiqatlara görə “Ən yaxşı vətənpərvər tədqiqatçı-alim” qızıl medalına layiq görülüblər.
Mükafat komissiyası alimlərin elmi-publisistik kitablarını və ölkədə tibb elminin inkişafına göstərdikləri xidmətləri də nəzərə alıb.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov son illər səhiyyə xidməti sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən, muxtar respublikada peşəkar həkimlərin işlərinin layiqincə qiymətləndirilməsindən danışaraq universitet müəllimlərinin qazandığı bu uğuru Naxçıvanda səhiyyə sisteminə göstərilən qayğının bariz nümunəsi kimi dəyərləndirib.
Tibb elmləri doktoru İsa Abdullayev mükafata layiq görülənlər adından minnətdarlıq edib.
Sonra “Ən yaxşı vətənpərvər tədqiqatçı-alim” qızıl medalı və diplomlar müəllimlərə təqdim olunub.