REGİONLAR
Naxçıvan Dövlət Universitetinin tələbələri İstanbulda törədilən terror aktını lənətləyiblər
Naxçıvan, 1 iyul, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində (NDU) keçirilən növbəti “dəyirmi masa”da ali təhsil ocağının tələbələri qardaş Türkiyənin İstanbul şəhərindəki Atatürk Beynəlxalq Hava Limanında törədilən terror aktını lənətləyib, onu bəşəriyyətə qarşı cinayət adlandırıblar.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, xarici ölkələrdən olan tələbələrin də iştirak etdiyi “dəyirmi masa”da çıxış edən ali təhsil ocağının elmi işlər üzrə prorektoru, dosent Mübariz Nuriyev törədilmiş qanlı və xain terror aktını kəskin şəkildə lənətlədiklərini bildirib.
Prorektor terror aktından sonra ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına dərin hüznlə başsağlığı verməsini “Bir millət, iki dövlət” olan Azərbaycan - Türkiyə qardaşlığının və dostluğunun təzahürü kimi qiymətləndirib.
Universitetin tərbiyəvi işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədov, ali təhsil ocağının Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika-riyaziyyat elmləri namizədi, dosent Elşən Məmmədov, iqtisad fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Mehdi Bağırov çıxışlarında bildiriblər ki, erməni terrorundan əziyyət çəkən Azərbaycan xalqı Türkiyə xalqının dərdini öz dərdi, sevincini öz sevinci hesab edir. “Dəyirmi masa”nın keçirilməsində məqsəd də türk xalqı ilə həmrəylik nümayiş etdirməkdir.
“Dəyirmi masa”da azərbaycanlı tələbələrlə yanaşı, Türkiyədən olan tələbələr də çıxış edərək diqqətə çatdırıblar ki, bu gün bütün dünyanın sülhə və əmin-amanlığa, Azərbaycanda mövcud olan multikulturalizm dəyərlərinə ehtiyacı var.
Müzakirələr zamanı iki ölkənin dostluq və qardaşlıq münasibətlərinə dair əsaslı faktlar bir daha dilə gətirilib, terrorla mübarizədə Azərbaycanın hər zaman Türkiyə dövlətinin və xalqının yanında olduğu vurğulanıb, terror aktı zamanı həlak olanların xatirəsi ehtiramla anılıb.