REGİONLAR
Naxçıvan Dövlət Universitetinin tələbələri bacarıqlarını nümayiş etdiriblər
Naxçıvan, 25 may, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində (NDU) ali təhsil ocağının incəsənət fakültəsinin musiqi təlimi kafedrasının solo oxuma ixtisası üzrə təhsil alan tələbələrinin 28 May - Respublika Gününə həsr edilən konserti olub.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə musiqi təlimi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru İsmayıl Mürsəlov solo oxuma ixtisası üzrə təhsil alan tələbələrin uğurlu fəaliyyətləri haqqında məlumat verib.
Konsertin proqramında Azərbaycan klassik musiqisinin görkəmli nümayəndələri Ramiz Mirişli, Tofiq Quliyev, Üzeyir Hacıbəyli, Fikrət Əmirov və Rauf Hacıyevin ölməz bəstələri səsləndirilib. Tələbələrdən Nurbəniz Niftəliyeva, Məhərrəm Quliyev, Vəli Nəsirov, Nigar İbrahimova, Bəhruz Quliyev, Rahim Əsgərzadə və başqalarının oxuduğu mahnılar tamaşaçı alqışları ilə müşayiət olunub.
Sonra incəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti Mübariz Əsgərov konsertlə bağlı fikirlərini bölüşüb.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirin 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün ərəfəsində keçirildiyini nəzərə çatdırıb.
Rektor Azərbaycan Respublikasının Əməkdar Artisti, Naxçıvan Dövlət Universitetinin baş müəllimi Gülyanaq Fərzəliyevanın gərgin əməyinin nəticəsində ərsəyə gələn konsertdən, tələbələrin musiqi hazırlığından, səhnə mədəniyyətindən razılığını bildirib.
Natiq bu cür konsertlərin keçirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb, müəllim və tələbələrə gələcəkdə repertuarlarını daha da
zənginləşdirməyi tövsiyə edib.