REGİONLAR
Naxçıvan Dövlət Universitetinin tibb fakültəsində məzun günü
Naxçıvan, 30 iyun, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin (NDU) tibb fakültəsində 13-cü məzuniyyət gününün keçirilməsinin əlamətdar tarixə - universitetin 50 illik yubileyinə və ali təhsil ocağının ölkəmizin ali məktəblərinin reytinq cədvəli üzrə birinci yerə layiq görüldüyü ilə təsadüf etməsi fərəhləndirici haldır.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu sözləri universitetin tibb fakültəsində keçirilən məzun günündə ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov deyib.
Rektor Azərbaycanda elm və təhsilin inkişafından, muxtar respublikada kadr potensialının gücləndirilməsinə göstərilən yüksək dövlət qayğısından danışıb. O, tələbələri, onların üzərində böyük əməyi olan valideynləri və müəllimləri təbrik edib, məzunlara gələcək fəaliyyətlərində NDU-nun adını daim uca tutmağı və müstəqil ölkəmizin tərəqqisinə layiqli töhfələr verməyi arzulayıb.
Universitetin tibb fakültəsinin dekanı Elsevər Əsədov çıxışında qeyd edib ki, 1999-cu ildə NDU-nun təbiətşünaslıq fakültəsinin nəzdində pediatriya ixtisası yaradılıb. Həmin il 25 tələbənin təhsil aldığı fakültədə hazırda 412 tələbə təhsil alır ki, bunların da 73 nəfəri xarici ölkə vətəndaşıdır. Bu il tibb fakültəsindən müalicə işi ixtisası üzrə 21, stomatologiya ixtisası üzrə 16, tibbi profilaktika ixtisası üzrə 13, əczaçılıq ixtisası üzrə 16 nəfər məzun olur.
Gələcəyin həkim kadrlarının yetişməsində universitetin rolunu yüksək qiymətləndirən Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Niyazi Novruzov muxtar respublikada səhiyyəyə göstərilən yüksək dövlət qayğısından ətraflı bəhs edib. Nazir məzunlara cansağlığı, xoşbəxt gələcək, daim insanların sağlamlıqlarının keşiyində inamla dayanmağı arzulayıb.
Valideynlər adından Arzu İlyaslı, tələbələr adından fakültənin 6-cı kurs tələbəsi Sarita Qənbərli məzunları təbrik ediblər.
Sonra əczaçılıq fakültəsinin məzun tələbələri əczaçı andının, digər ixtisaslar isə müqəddəs Hippokrat andının qəbulu mərasiminə qatılıblar.
Tədbir məzunların hazırladığı şeir və mahnılardan ibarət bədii kompozisiya ilə davam edib. Sonda məzun tələbələrlə xatirə şəkli çəkdirilib.