REGİONLAR
Naxçıvan Dövlət Universitetinin tibb fakültəsində məzun günü təntənəli şəkildə qeyd olunub
Naxçıvan, 28 iyun, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin (NDU) tibb fakültəsində məzun günü təntənəli şəkildə qeyd olunub.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov muxtar respublika rəhbərliyinin səhiyyənin inkişafına göstərdiyi yüksək diqqət və qayğıdan danışıb.
Ali təhsil ocağının tibb fakültəsinin dekanı, dosent Elsevər Əsədov qeyd edib ki, universitetin tibb fakültəsi 17 il əvvəl, 1999-cu ildə təbiətşünaslıq fakültəsinin nəzdindəki pediatriya ixtisasına 25 nəfərlik tələbənin qəbulu ilə fəaliyyətə başlayıb. Universitetin Elmi Şurasının 2003-cü il iyunun 3-də qəbul etdiyi qərar ilə həmin ildən fakültə kimi fəaliyyətini davam etdirir. Fakültənin nəzdində təməl tibb fənləri, tibbi kliniki biliklər, ümumi təbabət və gigiyena, əczaçılıq və stomatologiya kafedraları fəaliyyət göstərir.
Dekan bildirib ki, fakültədə yüksək keyfiyyətli tədrisin təşkili üçün 6 kabinə və laboratoriyalar yaradılaraq, lazımı avadanlıq və preparatlarla təchiz olunub. Həmçinin tələbələrin praktiki biliklərinin artırılması məqsədilə onların Azərbaycan Tibb Universiteti ilə yanaşı, Türkiyə Cümhuriyyətinin bir sıra universitetlərinə yay istehsalat təcrübələrinə göndərilməsi təşkil edilir. Hazırda fakültədə 383 tələbə və 29 rezident təhsil alır ki, onlardan 77 nəfəri xarici ölkə vətəndaşlarıdır.
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov, Azərbaycan Tibb Universitetinin I Uşaq Xəstəlikləri Kafedrasının müdiri, akademik Adilə Namazova məzunları təbrik edərək, onlara gələcək həyatlarında müvəffəqiyyətlər diləyiblər.
Sonra məzunlar Hippokrat andı içərək, insanların sağlamlığının keşiyində ləyaqətlə duracaqlarına söz veriblər.
Tədbirin bədii hissəsində məzunların, eləcə də incəsənət fakültəsinin istedadlı tələbələrinin ifasında “Zibeydə”, “Ala gözlüm”, “Tələbəlik illəri”, “Azərbaycan” və digər mahnılar səslənib.