REGİONLAR


Naxçıvan Dövlət Xalça Muzeyinə sakinlər tərəfindən yeni eksponatlar təqdim olunub

Naxçıvan, 26 dekabr, AZƏRTAC

Naxçıvan şəhərində yerləşən Naxçıvan Dövlət Xalça Muzeyinə sakinlər tərəfindən yeni eksponatlar təqdim olunub.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova muxtar respublikada bütün sahələrin, o cümlədən mədəniyyət sahəsinin də inkişaf etdirildiyini bildirib. Qeyd edib ki, bu gün tariximizin, mədəniyyətimizin, adət-ənənələrimizin qorunub gələcək nəsillərə çatdırılması daim diqqət mərkəzindədir. Hazırda Naxçıvan Muxtar Respublikasındakı 29 muzey və muzeytipli müəssisədə 112 mindən çox maddi-mədəniyyət nümunələri qorunub saxlanılır. Müstəqillik illərinə qədər muxtar respublika ərazisində cəmi 13 muzey fəaliyyət göstərirdisə, ötən dövrdə 16 muzey yaradılıb.

Nazir vurğulayıb ki, artıq beş ilə yaxındır Naxçıvan Dövlət Universitetində muzey işi sahəsində ixtisaslı kadrlar yetişdirilir. Bu gün muzeylərimizi ziyarət edənlərin sayı əhəmiyyətli dərəcədə artıb və muzey işçilərinin öhdəsinə daha böyük vəzifələr qoyulub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il dekabrın 19-da imzaladığı Sərəncamına əsasən, muxtar respublikanın nazirlik, komitə və təşkilatlarının kollektivləri muzeyləri mütəşəkkil şəkildə ziyarət edirlər. Bundan başqa, tələbə-gənclərin, şagirdlərin, müxtəlif xidmət sahələrində çalışanların da muzeyləri ziyarəti təmin olunub.

“Təkcə bu ilin ötən dövrü ərzində muzeylərimizi 29 mindən çox tamaşaçı ziyarət edib. Onların arasında həm yerli sakinlər, həm Azərbaycanın digər regionlarından muxtar respublikamıza gələn qonaqlar və xarici ölkə vətəndaşları olublar” – deyən Natəvan Qədimova diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən, bu gün muzeylər ilə orta məktəblər arasında distant dərslər təşkil edilir.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzeylərimiz üçün maddi-mədəniyyət nümunələrinin toplanması işi də diqqətdə saxlanılır. Bu işdə muxtar respublika sakinləri öz köməkliklərini göstərirlər. Təkcə 2016-cı il ərzində muzeylərə 1500-ə yaxın yeni eksponat daxil olub. Bu tədbirlərin davamı olaraq bu gün Naxçıvan Dövlət Xalça Muzeyinə yeni eksponatlar təqdim edilir.

Sonda tədbir iştirakçıları muzeylə tanış olublar.

Qeyd edək ki, Nehrəm kənd sakini, Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət İşçisi Akif Hacıyev tərəfindən XIX əsrin sonuna aid yun palaz, XX əsrin müxtəlif dövrlərinə aid parça arxalıq, dəmir həvə, qadın yun corabı, açıqqızılı rəngli parça örtük Naxçıvan Dövlət Xalça Muzeyinə təqdim olunub. Bundan başqa, Sədərək kənd sakini Kəmalə Əliyeva tərəfindən ağ rəngli toxuma əl işi, Nəhəcir kənd sakini Qalib Nağıyev tərəfindən, təxminən, 200 illik tarixi olan cəhrə, Axura kənd sakini Firuzə Mehdiyeva tərəfindən yun darağı, Şahbuz şəhər sakini Vahab Hüseynov tərəfindən XIX əsrin sonu-XX əsrin əvvəllərinə aid xalça muzeyin ekspozisiyasına daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.