REGİONLAR


“Naxçıvan. Dünyanın ən qədim şəhərlərindən biri” kitabının təqdimat mərasimi olub

A+ A

Naxçıvan, 17 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Çingiz Qacarın rus dilində nəşr edilmiş “Naxçıvan. Dünyanın ən qədim şəhərlərindən biri” adlı kitabı indiyə qədər Naxçıvanın tədqiqi sahəsində əldə edilmiş elmi nailiyyətlərin tanıdılması və dünyaya təbliği baxımından çox önəmlidir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA Naxçıvan Bölməsində keçirilən təqdimat mərasimində səsləndirilib. Bölmənin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, Çingiz Qacar fizika-riyaziyyat elmləri doktoru olsa da, hələ elmi fəaliyyətinin ilk dövrlərindən başlayaraq tarixi şəxsiyyətlərimizin həyatının öyrənilməsinə, eləcə də ayrı-ayrı qədim Azərbaycan şəhərlərinin tarixinin təbliğinə ciddi maraq göstərib. Heç də təsadüfi deyildir ki, müəllifin müxtəlif illərdə yazdığı rus, ingilis və Azərbaycan dillərində nəşr edilmiş “Qədim və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri”, “Qacarlar”, “Köhnə Bakı”, “Köhnə Şuşa”, “Tiflis. Vorontsova 53, 55” kitabları təkcə tarixlə maraqlanan oxucuların deyil, həm də tədqiqatçıların diqqətini cəlb edib. Akademikin Naxçıvana həsr etdiyi kitabı da bu qəbildəndir. Elmi redaktoru və ön söz müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli olan kitab 284 səhifədən ibarətdir. Kitabda müxtəlif alimlərin, o cümlədən naxçıvanlı elm adamlarının əsərlərindən məlumatlar götürülüb və müəllif bu barədə kitabda məlumat verib. Kitab həm tarixi, həm etnoqrafik, həm də mədəniyyət sahəsində məlumatları özündə cəmləşdirib.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev kitabın elmi məziyyətlərindən danışıb və Naxçıvanın tarixi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından rus dilində çıxan nəşrin əhəmiyyətini qeyd edib. Vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası ərazisində uzun illər ərzində aparılmış tədqiqatlar zamanı əldə edilmiş maddi-mədəniyyət nümunələri də Naxçıvan şəhərinin dünyanın ən qədim şəhərlərindən biri olduğunu sübut edir.

İnstitutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev və institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev vurğulayıblar ki, müxtəlif dövlət arxivlərindən və şəxsi arxivlərdən əldə edilərək kitabda təqdim olunan fotoşəkillər hər biri özündə bir tarix yaşadır. Müəllifin özünün də qeyd etdiyi kimi, əsər elmi-tədqiqat əsəri xarakterində yox, təbliğat və tanıtım məqsədlidir. Elə bu səbəbdən də kitabda təqdim olunan materiallar gələcəkdə daha geniş elmi tədqiqatlara cəlb edilə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.