REGİONLAR


Naxçıvan: Karate üzrə beynəlxalq turnirə yekun vurulub

A+ A

Şərur, 15 noyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Şərur rayonundakı Olimpiya İdman Kompleksində keçirilən karate üzrə beynəlxalq turnirə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş beynəlxalq turnir Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirliklərinin, Azərbaycan Milli Karate Federasiyasının, Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.

Yarışdan əvvəl idmançılar Naxçıvan şəhərində Ümummilli Liderin abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Beynəlxalq turnirin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov bildirib ki, Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Azərbaycana rəhbərliyi dövründə digər sahələr kimi, idmana da qayğı ilə yanaşıb. Müstəqillik illərində idmanla bağlı qanunvericilik təkmilləşdirilib, maddi-texniki baza yaxşılaşdırılıb, böyük idman kompleksləri, idman-sağlamlıq mərkəzləri tikilib.

Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafı sahəsində mühüm işlərin görüldüyünü vurğulayan nazir gənclərin fiziki və mənəvi hazırlığı, asudə vaxtlarının səmərəli təşkilinin daim diqqət mərkəzində saxlanıldığını diqqətə çatdırıb. Bildirib ki, muxtar respublikada müasir idman infrastrukturunun, olimpiya komplekslərinin, digər obyektlərin, idmanın müxtəlif növləri üzrə federasiyaların yaradılması gənclərin idmana kütləvi şəkildə cəlb olunmasına imkan verib. Naxçıvan Muxtar Respublikasının Karate-do Federasiyası muxtar respublikada yeniyetmə və gənclərin idman bölmələrinə cəlbi istiqamətində əhəmiyyətli rol oynayıb, o cümlədən karate üzrə müxtəlif yaş qruplarında idmançılar nəsli yetişib.

Azad Cabbarov beynəlxalq turnirdə iştirak edən idmançılara uğurlar arzulayıb.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov qeyd edib ki, son illər ölkəmizdə idmana göstərilən dövlət qayğısı nəticəsində idmançılarımız dünya və Avropa çempionatlarında uğurla çıxış edirlər. Eyni zamanda, ölkəmizdə keçirilən beynəlxalq turnirlər idmana marağı gündən-günə artırmaqdadır. Bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyi edən Naxçıvan Muxtar Respublikasında bu gün keçirilən karate üzrə beynəlxalq turnir yüksək səviyyədə təşkil olunub.

Yarışın təşkilindən razılıq edən Türkiyənin Karate Federasiyasının prezidenti Esat Delihasan Azərbaycan və Türkiyənin qardaş ölkələr olduğunu vurğulayıb, növbəti yarışlarda Naxçıvana böyük heyətlə gələcəklərini deyib.

Naxçıvan Muxtar Respublikasının Karate-do Federasiyasının sədri Fazil Ələkbərov bildirib ki, ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə idmanın inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. 1993-cü ildə Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra isə idmana qayğı daha da artırılıb. Azərbaycanda idmanın və olimpiya hərəkatının inkişafı üçün dövlət səviyyəsində bir sıra tədbirlər həyata keçirilib. Ölkə Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra isə Azərbaycanda olimpiya hərəkatı daha geniş vüsət alıb, idmanın maddi-texniki bazası möhkəmləndirilib, bu sahədə beynəlxalq əlaqələrin qurulması diqqət mərkəzində saxlanılıb.

Fazil Ələkbərov qeyd edib ki, bu gün ölkə başçısının diqqət və qayğısı ilə Azərbaycanın hər yerində müasir idman kompleksləri tikilib istifadəyə verilir, mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulur. Peşəkar idmançıların yetişdirilməsi, bu sahədə qazanılan nailiyyətlərin ildən-ilə artması, beynəlxalq yarışlarda yüksək nəticələrin əldə olunması və ölkəmizin beynəlxalq yarışlara ev sahibliyi etməsi dövlətin idmana böyük qayğısının nəticəsidir.

Muxtar respublikada idmana göstərilən qayğıdan danışan federasiya sədri bildirib ki, bu gün gənclərin idmana cəlb olunması, onlara sağlam həyat tərzinin aşılanması diqqət mərkəzində saxlanılır. Yaradılan müasir idman mühiti isə gənclərin bədən tərbiyəsi və idmana olan marağını artırır, idman klublarının və federasiyaların heyəti ilbəil genişlənir, onların respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilir. Bütün bunların nəticəsidir ki, yeni idmançılar nəsli yetişir, müxtəlif idman növləri üzrə uğurların sayı daha da artır. Gələcəyimiz olan gənclərin fiziki cəhətdən sağlam böyüməsində bədən tərbiyəsi və idmanın mühüm rolu var. Ona görə də muxtar respublikada bu sahənin inkişafı prioritet istiqamət kimi müəyyənləşdirilib.

Sonra federasiyanın sədri yarışı açıq elan edib.

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri Fazil Ələkbərov və Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov Azərbaycan Milli Karate Federasiyası tərəfindən 5-ci dan diplomu və xüsusi hədiyyə ilə mükafatlandırılıblar.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tamaşaçılar Şərur Xalq Yallı Ansamblı və “Arpaçay” instrumental ansamblının ifasında səslənən musiqilərin müşayiəti ilə karate komandalarının nümunəvi çıxışlarına baxıblar.

Turnirdə 120-yə yaxın qız və oğlan karateçilər fərdi kata, fərdi kumite üzrə yarışlarda qüvvələrini sınayıblar. 10-11 yaş qrupunda kata yarışlarının qalibi naxçıvanlı idmançı Məhəmməd Şıxəlili olub. Qızların mübarizəsində isə Bakı təmsilçisi İlahə Məmmədova qalib gəlib. Bu yaş qrupunda kumite yarışlarında Amin Yadigarlı (30 kiloqram, “Qaraqaplan” idman klubu), Niman Nuriyev (35 kiloqram, Sumqayıt), Nicat Kərimli (41 kiloqram, Sumqayıt) və Murad Məmmədov (+41 kiloqram, “Qaraqaplan” idman klubu) bütün rəqiblərinə qalib gələrək, ən yüksək pillədə qərarlaşıblar. Qızların kumite yarışında isə İlahə Məmmədova (+35 kiloqram, Bakı) və Duyğu Əhmədova (-35 kiloqram, Naxçıvan) qalib olublar.

Turnirdə 12-13 yaş qrupu üzrə kata yarışlarının qalibi adını Sumqayıt idmançısı Aslan Qasımov qazanıb. Bu yaş qrupunda 30, 39 və 45 kiloqram çəki dərəcələrində Naxçıvan idmançıları qalib gəlib. Vüsal Seyidov, İmran Həsənov və Ramil Axundov müvafiq çəkilərdə fəxri kürsünün ən yüksək zirvəsinə qalxıblar. 52 və 60 kiloqram çəki dərəcələrində isə “Qaraqaplan” idman klubunun üzvləri – Ramal Bayramlı və Rəvan Bağırov hamıdan güclü olublar. Qızların mübarizəsində də bu klubun üzvü Fidan Dadaşova rəqiblərini üstələyib.

Yeniyetmələrin mübarizəsində (14-15 yaş) tatami üzərinə çıxan “Qaraqaplan” idman klubunun üzvləri - Fərid Abdulkərimov (52 kiloqram), Rəşid Həqiqətli (57 kiloqram) və Tural Yaqubov (63 kiloqram) qalib adını qazanıblar. Qızlar arasında isə İran təmsilçisi Qadri Maryam (47 kiloqram) birinci olub. Kata yarışlarında Bakı təmsilçisi Ayxan Novruzov qalib gəlib.

Beynəlxalq turnirdə 16-17 yaş qrupunda gənclərin mübarizəsi də gərginliyi ilə yadda qalıb. Əminağa Quliyev (55 kiloqram, Bakı), Nicat Quluzadə (61 kiloqram, Sumqayıt), Əli Quliyev (68 kiloqram, “Qaraqaplan” idman klubu), Seymur İsayev (-76 kiloqram, “Qaraqaplan” idman klubu) və Murad Hacızadə (+76 kiloqram, Sumqayıt) turnirin baş mükafatını qazanıblar. Qızların kumite yarışlarında Bakı təmsilçisi Mədinə Quliyeva (53 kiloqram), oğlanların kata yarışında isə Roman Heydərov (Bakı) fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.