REGİONLAR


Naxçıvan: Milli Qurtuluş Günü münasibətilə gənclərin Əlincəqalaya yürüşü təşkil edilib

Naxçıvan, 15 iyun, AZƏRTAC

İyunun 15-də, Milli Qurtuluş Günündə Naxçıvan Muxtar Respublikasının gəncləri “Qurtuluşdan Əlincəqalaya” devizi altında Əlincəqalaya yürüş ediblər. Yürüşdə federasiyaların idmançıları və tələbə-gənclər iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, yürüşdən əvvəl gənclər milli qurtuluşumuzun memarı olan ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərində əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Əcəmi Seyrəngahına doğru hərəkət edən gənclər buradan azadlığımızın və şanlı tariximizin simvolu olan Əlincəqalaya yola düşüblər.

Əlincəqalanın zirvəsində, ulu öndər Heydər Əliyevin portretinin və dövlət bayrağının önündə Naxçıvan Dövlət Universitetinin tələbələri Səyyad Məmmədov və Aysu Məmmədova, Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Aysu Dünyamalıyeva, Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Dünya Əkbərova və Naxçıvan Musiqi Kollecinin tələbəsi Cavid Babayev dahi rəhbərə həsr olunmuş şeirləri bədii qiraət ediblər.

Sonra gənclər xatirə şəkli çəkdiriblər.

Yürüş iştirakçıları “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi ilə də tanış olublar. Burada bələdçilər tərəfindən yürüş iştirakçılarına məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Əlincəqalada aparılan bərpa işləri zamanı qalanın tarixiliyi qorunub saxlanılıb. Qala divarları, bürc və giriş qapıları, qədim yaşayış evləri, təsərrüfat binaları, su hovuzları və təndirlər, səngər və mühafizə yerləri ilkin forması saxlanılaraq bərpa olunub. Qalanın zirvəsinə doğru yol çəkilib, qala ərazisində işıqlandırma sistemləri yaradılıb, oturacaqlar qoyulub, yaşıllıqlar salınıb. Naxçıvan memarlıq məktəbinin izlərini özündə əks etdirən qalanın şərq və qərb darvazaları da bərpa edilərək əvvəlki görkəminə qaytarılıb. Qalanın zirvəsinə gedən yolda daş üzərində həkk olunan “Tarixi yaşadanları tarix də yaşadacaqdır” kəlamı Əlincəqalanın bərpasının xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bir daha təsdiq edir. Əlincəqalada məskunlaşan əcdadlarımızın həyat tərzini əks etdirən maddi-mədəniyyət nümunələri, xüsusilə qədim məişət əşyaları, qalada aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi nümunələr, Naxçıvanın və Əlincəqalanın tarixi ilə bağlı çap olunmuş kitablar, qəzet məqalələri, qalanın bərpadan əvvəl, bərpa zamanı və bərpadan sonrakı fotoşəkilləri burada aparılan quruculuq tədbirlərinin miqyası barədə gənclərdə dolğun təəssürat yaradıb.

Yürüş iştirakçısı olan gənclərdən bir neçəsi ilə görüşüb həmsöhbət olduq, təəssüratlarını öyrəndik. Tələbə-gənclərdən və idman federasiyalarının üzvlərindən İbrahim Musayev, Taleh Dünyamalıyev, Səma Tağıyeva, Nərmin Babazadə, Yeganə Ağayeva və Ceyran Məmmədova ilə söhbətlərdən aydın oldu ki, onların yüksək əhval-ruhiyyə ilə qatıldıqları yürüş, ümumilikdə, Naxçıvan gəncliyinin Ulu Öndərimizin əziz xatirəsinə hörmət və ehtiramının ifadəsidir. Ümummilli Liderimizin Azərbaycan gəncliyinə ən böyük mirası müstəqil Azərbaycandır. Milli Qurtuluş Günü münasibətilə yürüşün ünvanı olaraq Əlincəqala tarixi abidəsinin seçilməsi isə təsadüfi deyil. Çünki xalqımızın əyilməzlik abidəsi olan Əlincəqalaya ikinci həyat verilməsi də Milli Qurtuluşun bəhrəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.