REGİONLAR
Naxçıvan Musiqi Kolleci tələbələri konsert proqramı ilə çıxış ediblər
Naxçıvan, 23 dekabr, AZƏRTAC
Ərtoğrul Cavid adına Naxçıvan Şəhər Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində Naxçıvan Musiqi Kolleci tələbələrinin konserti olub.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl Naxçıvan Musiqi Kollecinin ümummilli lider Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə 1974-cü ildə yaradıldığı bildirilib. 1975-1976-cı tədris ilində 4 ixtisas üzrə fəaliyyətə başlayan kollec 1992-ci ilə qədər Naxçıvan Orta İxtisas Musiqi Məktəbi, 1992-ci ildən Naxçıvan Musiqi Texnikumu adlandırılıb. 2005-ci ildən isə Naxçıvan Musiqi Kolleci adı ilə fəaliyyətini davam etdirir. Hazırda kollecdə 10-dan çox ixtisas üzrə kadr hazırlığı aparılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamlarına əsasən, bu təhsil ocağının 30 və 40 illik yubileyləri qeyd olunub. Bu illər ərzində kollecdə milli musiqi alətlərimizin və xalq mahnılarımızın yaşadılması, eləcə də klassik və müasir dünya bəstəkarlarının öyrənilməsi, gənc musiqiçi kadrların yetişdirilməsi sahəsində böyük uğurlar əldə edilib.
Vurğulanıb ki, kollecdə təhsil alan tələbələrdən ibarət musiqi kollektivləri maraqlı konsert proqramları ilə müntəzəm olaraq muxtar respublikada keçirilən tədbirlərdə, el şənliklərində çıxış edir.
Kollecin tələbələrinin ifasında ilk olaraq Fikrət Əmirovun “Min bir gecə” baletindən parçalar səsləndirilib. Tələbələrin təqdim etdikləri Azərbaycan bəstəkarlarının “Yaşa könül”, “Çahargah rapsodiyası”, “Şaloxo”, “Bağçakürd” və başqa musiqi əsərləri maraqla qarşılanıb.
Konsertdə Avropa və rus bəstəkarlarının əsərləri də ifa olunub.