REGİONLAR
Naxçıvan Musiqi Kollecinin tələbələri yay məktəbinə qoşulublar
Naxçıvan, 25 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Ağbulaq İstirahət Mərkəzində təşkil etdiyi gənclərin yay məktəbi davam edir.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Mədəniyyət və Turizm nazirlikləri, Naxçıvan Musiqi Kolleci, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının iştirakı ilə reallaşdırılan yay məktəbində Naxçıvan Musiqi Kollecində təhsil alan 60 tələbə iştirak edib.
Əvvəlcə gənclər istirahət mərkəzi ilə tanış olublar. Məktəbin ilk günü onlar stolüstü idman oyunları oynayıb, “Nuh yurdu” intellektual oyununda iştirak edib, günün sonunda isə aprel döyüşlərindən bəhs edən “Qarabağa doğru” sənədli filminə baxıblar.
İkinci gün yay məktəbinin iştirakçıları arasında müxtəlif idman və əyləncəli oyunlar keçirilib, Naxçıvan Musiqi Kolleci tələbələrinin ifasında müxtəlif şeirlər və musiqi nömrələri səsləndirilib, Şahbuz Rayon Mədəniyyət və Turizm Şöbəsinin kollektivinin konsert proqramı təşkil olunub. Günün sonunda isə şəhid Toğrul Məmmədova həsr olunmuş “Vətən uğrunda” sənədli filmi nümayiş etdirilib.
Üçüncü gün isə gənclərin Şahbuz Dövlət Təbiət Qoruğuna gəzintisi təşkil olunub, gəzinti zamanı çəkilmiş fotoşəkillərin müsabiqəsi keçirilib. Fərqlənən fotoşəkillərin müəllifləri, həmçinin “Nuh yurdu” intellektual oyununda və yay məktəbində fəal iştirak edənlər Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin fəxri fərmanları ilə təltif olunublar. Günün sonunda isə gənclər Naxçıvan şəhərinə yola düşüblər.