REGİONLAR
Naxçıvan Muxtar Respublika Xəstəxanasında xəstələr Naftalan nefti ilə müalicə olunurlar
Naxçıvan, 3 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublika Xəstəxanasında Naftalan nefti və Şorsu palçığı ilə aparılan müalicə hər ay onlarla xəstənin şəfa tapmasına səbəb olur.
AZƏRTAC xəbər verir ki, əsaslı yenidənqurma işlərindən sonra ötən il istifadəyə verilən 300 çarpayılıq xəstəxananın Naftalan nefti ilə müalicə bölməsində müasir tibbi avadanlıqlar quraşdırılıb.
Naxçıvan Muxtar Respublika Xəstəxanası reabilitasiya şöbəsinin müdiri, həkim-fizioterapevt Fazil Fərzəliyev bildirib ki, Naftalan vannası 70-dən çox xəstəliyin müalicəsində tətbiq edilir. Xəstələr neft vannası qəbul edərək müalicə olunurlar. Naftalan nefti insanları oynaq və əzələ ağrılarından xilas edir, dəri xəstəliklərini sağaldır, əsəbləri sakitləşdirir, dərini yumşaldır. Naftalan nefti Naftalan şəhərindən gətirilərək müalicədə tətbiq olunur. Bu da muxtar respublika əhalisinin Naxçıvan şəhərində müalicəsinə şərait yaradır, əlavə xərclərin qarşısını alır.
Xəstəxanada Şorsu palçığı ilə aparılan müalicənin də əhəmiyyətini vurğulayan Fazil Fərzəliyev qeyd edib ki, bu növ palçıq qrupu son dərəcə balneoloji hidromineral ehtiyatdır. İnsan orqanizminə müalicəvi təsir edən Şorsu palçığından əvvəllər kortəbii şəkildə istifadə edilib. İndi isə fizioterapiyanın bir metodu kimi periferik sinir sisteminin, dayaq-hərəkət sisteminin, damar, ginekoloji, bir sıra dəri xəstəliklərinin və yanıqlardan sonrakı fəsadların müalicəsində tətbiq olunur. Şorsu palçığı Naxçıvan şəhərinin yaxınlığındakı Şorsu dərəsindən götürülür.
Xəstəxanada Naftalan nefti və Şorsu palçığı ilə müalicə bölmələrindən başqa digər terapiya üsulları ilə də müalicələr aparılır.