REGİONLAR


Naxçıvan Muxtar Respublika spartakiadası başa çatıb

A+ A

Naxçıvan, 20 oktyabr, AZƏRTAC

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 14-16 yaş qrupunda məktəblilər arasında keçirilən Naxçıvan Muxtar Respublika spartakiadası başa çatıb. İki gün davam edən spartakiada Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Basketbol, Şahmat və Yüngül Atletika federasiyaları tərəfindən təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən spartakiada yüngül atletika, “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü, şahmat və basketbol növlərini əhatə edib.

Spartakiadanın açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov bildirib ki, ölkəmizdə dövlət gənclər və idman siyasəti ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müəyyənləşdirilib. Bu sahədə aparılan məqsədyönlü siyasət nəticəsində yeniliklərə imza atılıb, Azərbaycanda böyük idman infrastrukturu yaradılıb, respublikamız dünyada idman ölkəsi kimi tanınmağa başlayıb. Bu gün Azərbaycan artıq beynəlxalq idman tədbirlərinin keçirilməsində böyük təcrübə əldə edib. Paytaxt Bakıda, eləcə də ölkəmizin digər şəhər və rayonlarında, həmçinin muxtar respublikamızda idmanın müxtəlif növləri üzrə Avropa, dünya çempionatları, beynəlxalq turnirlər keçirilir.

Vurğulanıb ki, Naxçıvanda bədən tərbiyəsi və idmanla məşğul olmaq gündəlik həyat tərzinə çevrilib. Gənc idmançılar nəsli yetişib, idman ustaları formalaşıb. Yeniyetmə və gənc qızların, sağlamlıq imkanları məhdud insanların idmana cəlbi istiqamətində ardıcıl işlər görülür. Yeni idman bölmələri yaradılıb. Müxtəlif idman növləri üzrə bu bölmələrə yeniyetmə və gənclərin cəlb olunmasında artım müşahidə edilib. Naxçıvanlı idmançılar ölkə və dünya əhəmiyyətli yarışlarda təmsil olunur, uğurlara imza atırlar. Müstəqillik illərində muxtar respublikada idmanın maddi-texniki bazası xeyli möhkəmləndirilib. Müasir idman infrastrukturunun formalaşdırılması muxtar respublikada çoxsaylı beynəlxalq yarışların keçirilməsinə də şərait yaradıb.

Təhsilə və idmana göstərilən dövlət qayğısından danışan Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən idmana qayğı siyasəti bu gün uğurla davam etdirilir. Məhz bu siyasətin nəticəsidir ki, muxtar respublikamızda idmanın inkişafı təmin olunub, müasir infrastruktur yaradılıb. Bunun bariz nümunəsidir ki, son illərdə regionumuzda müasirtipli, hər cür maddi-texniki bazaya malik, informasiya texnologiyaları ilə təmin olunmuş məktəb binaları tikilib və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Həmin məktəblərdə idman zalları və açıq idman qurğuları yaradılıb. Bu gün muxtar respublikada aparılan idman siyasətinin təməlində idmanın kütləviliyinə nail olmaq, onu inkişaf və təbliğ etdirmək, sağlam nəsil yetişdirmək dayanır.

Sonra yarışlara start verilib.

100, 200, 400, 800 və 1500 metr məsafələrə qaçış üzrə keçirilən yarışlarda 8 komanda mübarizə aparıb. Oğlanların mübarizəsində 100 metrdə Kamil Əliyev (Şahbuz rayonu), 200 metrdə Rüstəm Baxşıyev (Naxçıvan şəhəri), 400 metrdə Sənan İmamquliyev (Şərur rayonu), 800 metrdə Kənan Hüseynzadə (Şərur rayonu) və 1500 metr məsafədə Cəmil Cəmilli (Şahbuz rayonu) bütün rəqiblərini geridə qoyaraq, qalib adını qazanıblar. Qızlar arasında isə Gülü Cəfərova (Kəngərli rayonu), Aytən Rəhimova (Naxçıvan şəhəri), Gülayə Cəfərova (Sədərək rayonu) və Arzu Mustafayeva (Culfa rayonu) müvafiq olaraq təyin edilmiş 100, 200, 400 və 800 metr məsafələrdə finiş xəttinə hamıdan tez çatıblar.

Spartakiadanın yekun nəticəsinə əsasən, yüngül atletikada komanda hesabında “Şərur” komandası qalib adını qazanıb. Şahbuz atletləri ikinci, “Culfa” komandası isə üçüncü yerə layiq görülüb.

Naxçıvan Şahmat Mərkəzində isə zəka sahibləri birincilik uğrunda qüvvələrini sınayıblar. Yarışın yekun nəticəsinə əsasən, oğlanların mübarizəsində Naxçıvan şəhərinin şahmatçısı Pərviz Qasımov qalib adını qazanıb. Əli Qulamzadə (Culfa rayonu) və Kərim Rəhimov (Naxçıvan şəhəri) ikinci və üçüncü yerləri bölüşüblər. Qızların mübarizəsində Babək rayonunun təmsilçisi Fizzə İsmayılova bütün rəqiblərini qabaqlayıb. Şərurlu zəka sahibi Səbinə Məcmunlu ikinci, culfalı şahmatçı Aybəniz Hüseynova isə üçüncü olublar.

“Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə yarışın proqramına əsasən, 8 komandanın idmançıları 100 metr məsafəyə qaçış, qumbara atmaq, turnikdə dartınmaq, 2000 metr məsafəyə kross qaçışı, paralel qolda qolların tədricən yığılıb açılması və idman nərdivanını sürətli keçmək üzrə yarışlarda mübarizə aparıblar. Bu mərhələləri uğurla başa vuran “Naxçıvan” komandası qalib adını qazanıb. Babək məktəbliləri ikinci, Ordubad təmsilçiləri isə üçüncü olublar.

Basketbol növü üzrə yarışın qalibi adını isə “Ordubad” komandası qazanıb. Onlar finalda “Şərur” komandasını 32:28 hesabı ilə məğlub etməyi bacarıblar.

Sonda qalib gələn idmançılara təşkilatçılar tərəfindən diplomlar və hədiyyələr təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.