QAN YADDAŞI
Naxçıvan Muxtar Respublikanın Rəssamlar Birliyində Soyqırımı Gününə həsr edilən rəsm sərgisi açılıb
Naxçıvan, 31 mart, Tural Kəngərli, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə əksəriyyəti gənclərdən ibarət olan 25 rəssamın 50-dən çox əsəri nümayiş etdirilir.
Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı Ülviyyə Həmzəyeva 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində, eləcə də Bakı quberniyasının müxtəlif bölgələrində, habelə Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar barədə məlumat verib.
Ülviyyə Həmzəyeva bildirib ki, Azərbaycan xalqı, bütün mütərəqqi bəşəriyyət bu amansız qətliamı heç zaman unutmayacaq. Bu faciənin bədii ədəbiyyat, kinofilmlər, musiqi və rəsm əsərlərində əks olunaraq gələcək nəsillərə, eyni zamanda, dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl işlər aparılır.
Sonra sərgiyə baxış olub.