SİYASƏT
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan, 10 oktyabr, AZƏRTAC
Oktyabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Portuqaliya Respublikasının ölkəmizdəki nümayəndəliyinin müvəqqəti işlər vəkili xanım Mariya Joao Lopes Kardoso ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri qonağı salamlayıb və ona muxtar respublika haqqında məlumat verib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Portuqaliyanın muxtar qurumları arasında əlaqələrin qurulmasının və təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini qeyd edən Ali Məclisin Sədri iqtisadi-ticarət, elm, təhsil, mədəniyyət, səhiyyə və turizm sahələrində əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırıb, bu istiqamətdə səylərin göstəriləcəyinə inamını ifadə edib.
Səmimi qəbula görə minnətdarlıq edən Mariya Joao Lopes Kardoso ümummilli lider Heydər Əliyevin vətəni Naxçıvana səfərindən məmnunluğunu bildirib. Səfər müddətində bir sıra görüşlər keçirəcəyini qeyd edən qonaq Portuqaliyanın muxtar qurumları ilə Naxçıvan Muxtar Respublikası arasında müxtəlif sahələrdə əlaqələrin yaradılmasına mühüm əhəmiyyət verdiklərini diqqətə çatdırıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.