SİYASƏT
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan, 18 may, AZƏRTAC
Mayın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri Azərbaycanda səfir kimi fəaliyyətə başlaması münasibətilə Erkan Özoralı təbrik etdi, strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə əlaqələrinin xalqlarımızın eyni kökə və tarixinə əsaslandığını bildirdi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il mayın 28-də Naxçıvan və Türkiyə arasında körpünün açıldığını və ötən dövrdə əlaqələrin inkişaf etdiyini xatırladan Ali Məclisin Sədri Naxçıvanın muxtariyyət statusu qazanmasında və ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərdə Türkiyənin rolundan danışdı. Ali Məclisin Sədri Naxçıvanla Türkiyə arasında müasir gömrük-keçid kompleksinin və ikinci körpünün tikintisini, Bakı-Tbilisi-Qars dəmir yolunun və digər layihələrin həyata keçirilməsini ikitərəfli münasibətlərin gələcək inkişafına, eləcə də xalqlarımız arasındakı birliyin daha da möhkəmlənməsinə hesablandığını vurğuladı.
Naxçıvanın Türkiyənin türk dünyasına və türk dünyasının da Türkiyəyə açılan qapısı olduğuna diqqəti çəkən Ali Məclisin Sədri muxtar respublikanın ölkələrimiz arasındakı əlaqələrin inkişafına bundan sonra da töhfə verəcəyini bildirdi.
Erkan Özoral göstərilən diqqətə və xoş münasibətə görə minnətdarlıq etdi, qardaş ölkədə fəaliyyət göstərməyin onun üçün şərəf olduğunu vurğuladı. Mühüm strateji mövqeyə malik olan Naxçıvanın Türkiyə və Azərbaycan əlaqələrinin inkişafındakı əhəmiyyətindən danışan səfir diplomatik fəaliyyəti dövründə əməkdaşlığın daha da genişləndirilməsinə çalışacağını bildirdi.
Türkiyənin Naxçıvandakı baş konsulu Nihat Ərşən görüşdə iştirak edib.