SİYASƏT
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan, 3 may, AZƏRTAC
Mayın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-Qyu ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qonağı salamlayan Ali Məclisin Sədri deyib ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Koreya Respublikası arasında əlaqələr intensiv və məhsuldar formada davam etdirilir. Əlaqələrin real nəticələri kimi Naxçıvan Dövlət Universiteti ilə Koreyanın ali təhsil ocaqları arasında qarşılıqlı müəllim-tələbə mübadiləsi həyata keçirilir, universitetdə Koreya Mərkəzi fəaliyyət göstərir. “KOİCA” şirkəti tərəfindən Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi yaradılıb.
Ali Məclisin Sədri birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb, Naxçıvan Muxtar Respublikasının bundan sonra da Koreya Respublikası ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu bildirib.
Səmimi qəbula görə minnətdarlıq edən səfir Kim Çanq-Qyu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olduğu müqəddəs Naxçıvan şəhərində olmaqdan məmnunluğunu bildirib. Muxtar respublikaya səfərinin yeni əməkdaşlıq imkanlarının yaradılması məqsədinə xidmət etdiyini bildirən qonaq əlaqələrin sonrakı inkişafının vacibliyini qeyd edib.
Görüşdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.