SİYASƏT
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan, 8 iyul, AZƏRTAC
İyulun 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası İqdır Vilayətinin valisi Əhməd Turqay Alpman, İqdır millət vəkili Nürəddin Aras və nümayəndə heyəti ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri qədim tarixə malik olan Azərbaycan-Türkiyə əlaqələrinin ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün müəyyən etdiyi yolla davam etdirildiyini bildirib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın vilayətləri arasındakı əlaqələrdən, xüsusilə iqtisadi-ticarət və nəqliyyat sahəsində həyata keçirilən tədbirlərdən danışan Ali Məclisin Sədri ölkələrimiz arasında imzalanan strateji tərəfdaşlıq haqqında müqavilədə münasibətlərin daha da genişləndirilməsinin nəzərdə tutulduğunu qeyd edib.
Ali Məclisin Sədri mövcud imkanlardan bundan sonra da səmərəli istifadə olunacağına əminliyini bildirib, müqəddəs Ramazan bayramı münasibətilə nümayəndə heyətinə təbriklərini çatdırıb.
Əhməd Turqay Alpman ilk səfərini Naxçıvan Muxtar Respublikasına etməkdən məmnunluğunu bildirib, göstərilən səmimi münasibətə görə minnətdarlıq edib. Naxçıvanın mövcud iqtisadi potensialının əməkdaşlıq üçün yeni imkanlar açdığını qeyd edən vali qarşılıqlı əlaqələrin inkişafında səylərini əsirgəməyəcəyini vurğulayıb.