SİYASƏT


Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub

A+ A

Naxçıvan, 14 oktyabr, AZƏRTAC

Oktyabrın 14-də - Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü ərəfəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Şöhrət” ordeninin, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Tərəqqi”, “Dövlət qulluğunda fərqlənməyə görə”, “İgidliyə görə” və “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının və vəsiqələrinin təqdimat mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Azərbaycanda dövlət müstəqilliyinin 25-ci ildönümü qeyd olunur. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Dövlət müstəqilliyini qorumaq onu əldə etməkdən qat-qat çətindir”. Bu fikir 1991-1993-cü illərdə Azərbaycanda öz təsdiqini tapdı. Artıq 1993-cü ildə Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsi qarşısında idi. Həmin dövrdə xalqın çağırışına səs verən ümummilli liderimiz Heydər Əliyev yenidən ölkəmizdə siyasi hakimiyyətə qayıtdı. Bundan sonra Azərbaycanda sabitlik yaradıldı, ölkəmizin hərtərəfli inkişafının əsası qoyuldu və dövlət müstəqilliyimiz qorunub saxlanıldı. Ölkə Prezidenti cənab İlham Əliyevin Ulu Öndərin yolunu uğurla davam etdirməsinin nəticəsidir ki, bu gün Azərbaycan dövlət müstəqilliyinin 25-ci ildönümünü qeyd edir.

Ali Məclisin Sədri deyib: Azərbaycanın dövlət müstəqilliyi Ümummilli Liderimizin siyasi xəttinin ətrafında birləşən insanların zəhməti nəticəsində qorundu və yaşadıldı. Dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, ölkəmizin inkişafında hər bir Azərbaycan vətəndaşının zəhməti vardır. Öz fəaliyyəti ilə seçilən, fərqlənən insanların əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir. Bu gün dövlət mükafatları təqdim olunanlar da müxtəlif sahələrdə çalışan, öz işi ilə fərqlənən və əməyi qiymətləndirilən insanlardır.

Ali Məclisin Sədri ölkəmizin inkişafındakı xidmətlərə görə təltif olunanlara təşəkkür edib, onları Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə təbrik edib və gələcək işlərində uğurlar arzulayıb.

Sonra Ali Məclisin Sədri orden və medalların, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim edib.

Təltif olunanlardan Aysel Əliyeva, Zahir Fətullayev, Əhəd Cəfərli, Hüseyn Bağırov, Rafiq Novruzov, Əlövsət Baxşıyev, Niyazi Novruzov, Mənsum Əhmədov, Nəriman İbrahimov, Hafiz Yaqubov, Əbil Əbilov və Əli Həsənov minnətdarlıq edərək deyiblər ki, müstəqilliyin bəhrəsi olan inkişaf bütün sahələri əhatə edib. İnsanların rahat yaşaması və işləməsi üçün hərtərəfli şərait vardır. Bu gün müstəqil Azərbaycanın inkişafında pay sahibi olmaq hər bir vətəndaş üçün ikiqat qürur və şərəfdir. Çəkilən zəhmət müqabilində insanların əməyinin yüksək qiymətləndirilməsi, dövlət mükafatlarına layiq görülməsi onları daha da ruhlandırır. Təltif olunanlar bildiriblər ki, bundan sonra da Ümummilli Liderimizin siyasi xəttinə sadiq qalacaq, ölkəmizin, eləcə də doğma Naxçıvanın inkişafı naminə səylə çalışacaq, göstərilən etimadı doğruldacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.