SİYASƏT
Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub
Naxçıvan, 9 may, AZƏRTAC
Mayın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikası medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının və vəsiqələrinin, Azərbaycan Respublikası Prezidentinin mükafatının təqdimat mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanları Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının təltiflərinə layiq görülmələri münasibətilə təbrik edərək deyib: “Dövlət təltifləri o ölkədə olur ki, həmin ölkədə inkişaf, sabitlik və dövlət-xalq birliyi vardır. Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə bütün sahələrdə inkişafa nail olunmuş, sabitlik və dövlət-xalq birliyi təmin edilmişdir. Ümummilli Liderin müəyyənləşdirdiyi yol bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz inkişaf edir, müxtəlif sahələrdə çalışan və fərqlənən insanlar dövlət mükafatları ilə təltif olunurlar. Bütün bunlar dövlətimizin gələcək inkişafına xidmət etməklə yanaşı, həm də yeni nəsillər üçün nümunədir”.
Ali Məclisin Sədri deyib: “Bu gün 9 May Qələbə bayramıdır. Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm insan resursları, həm də təbii resursları ilə iştirak edərək Qələbəyə öz layiqli töhfəsini verib. Həmçinin bugünkü tədbir ümummilli liderimiz Heydər Əliyevin doğum günü ərəfəsində keçirilir. Hər il mayın 10-u ölkəmizdə əlamətdar gün kimi qeyd olunur. Çünki ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti Azərbaycan xalqının və dövlətinin tarixinə çevrilib. Bu gün ümummilli liderimiz Heydər Əliyevin yolu ölkəmizdə davam etdirilir, yaşadılır. Azərbaycanda Heydər Əliyev yoluna alternativ yoxdur. Heydər Əliyev yolu dövlətçilik, dövlət-xalq birliyi, müstəqillik və inkişaf yoludur. Azərbaycan dövlətinin inkişafı, müstəqilliyimizin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi, xalqımızın firavan həyatının təmin olunması ulu öndər Heydər Əliyev yolunun bəhrəsidir. Ona görə də öz fəaliyyətləri ilə fərqlənən, Ulu Öndərin yoluna, dövlətçiliyə töhfələr verənlərin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir”.
Ali Məclisin Sədri təltif olunanları və onların timsalında bütün muxtar respublika əhalisini ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının ildönümü və Qələbə bayramı münasibətilə təbrik edib, gələcək işlərində uğurlar arzulayıb.
Sonra Ali Məclisin Sədri medalları, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini, Azərbaycan Respublikası Prezidentinin mükafatını təqdim edib.
Təltif olunanlardan Aytən Məmmədova, Tofiq Seyidov, Sahil Əliyev, Hüseyn Qarayev, Şəhruz Cəfərov, Tural Bağırov, Azər Cəfərli, Fatma Əliyeva, Zülfiyyə Zeynalova və Nəsibə Hüseynova əməklərinə verilən qiymətə görə minnətdarlıq ediblər. Qeyd olunub ki, ölkəmizdə Ulu Öndərin siyasi xəttinin uğurla davam etdirilməsi bütün sahələrdə inkişafı təmin edib. Bu gün xalqımız müstəqil ölkəmizdə sabitlik və rifah içində yaşayır. İnkişaf, tərəqqi və davamlı dövlət qayğısı insanları daha yaxşı işləməyə sövq edir. Təltif olunanlar bundan sonra da Ulu Öndərin siyasi xəttinə öz töhfələrini verməyə, Vətənimizin inkişafında pay sahibi olmağa söz veriblər.