MƏDƏNİYYƏT
Naxçıvan Muxtar Respublikası Əməkdar Rəssamının əsəri Quba Soyqırımı Memorial Kompleksində nümayiş etdirilir
Quba, 11 iyul (AZƏRTAC, Elxan Yusifli). Naxçıvan Rəssamlar Birliyinin üzvü, Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı Məhəmmədəli Ələkbərovun “Xocalı harayı” adlı rəsm əsəri Quba Soyqırımı Memorial Kompleksində nümayiş etdiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, iyulun 11-də memorial kompleksdə rəsm əsərinin təqdimat mərasimi olmuşdur.
Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, şair və yazıçılar eləcə də bu təşəbbüsün reallaşmasında yaxından iştirak etmiş “Azərbaycan” qəzetinin bir qrup əməkdaşı iştirak etmişlər.
Mərasimdə Quba Rayon Ağsaqqallar Şurasının sədri Həsən Günəşli, “Azərbaycan” qəzetinin əməkdaşları Bahadur İmanquliyev və Akif Əliyev çıxış edərək rəsm əsərinin Soyqırımı Memorial Kompleksində nümayiş etdirilməsi təşəbbüsünü müsbət hal kimi qiymətləndirmişlər.
Bildirilmişdir ki, dünyanın bir sıra ölkələrində fərdi sərgiləri təşkil olunmuş tanınmış rəssam Məhəmmədəli Ələkbərov xalqımızın başına gətirilmiş müsibətləri özündə əks etdirən çox sayda dəyərli əsərlər yaratmışdır. Yağlı boya ilə çəkilmiş və “Yaddaş” silsiləsindən olan “Xocalı harayı” rəsmi də onlardan biridir.
Qeyd olunmuşdur ki, kompleksdə xüsusi bir guşədə nümayiş etdiriləcək bu nadir rəsm əsəri bu müqəddəs məkanı ziyarət edən insanlarda xalqımızın başına gətirilmiş faciə haqqında təsəvvür yaratmaqda yardımçı olacaqdır.