REGİONLAR
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə qeydiyyatla bağlı 4 min 574 müraciət daxil olub
Naxçıvan, 2 avqust, AZƏRTAC
Bu ilin birinci yarımilində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə 4 min 574 müraciət daxil olub.
AZƏRTAC xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində 2017-ci ilin birinci yarımilinin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş tədbirdə səsləndirilib.
Xidmətin rəisi, baş miqrasiya xidməti müşaviri Şahin Nəbiyev məruzə ilə çıxış edərək bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş strateji inkişaf xəttinin uğurla davam etdirilməsi nəticəsində respublikamız iqtisadi inkişaf sürətinə görə dünya ölkələri arasında öncül mövqelərdən birini tutub. Ötən illərdə muxtar respublika da sosial-iqtisadi baxımdan sürətlə inkişaf edib. İqtisadi fəallığın artması, yeni iş yerlərinin açılması, eyni zamanda, miqrasiya sahəsində qanunvericiliyin sadələşdirilməsi və təhlükəsizliyin tam təmin edilməsi miqrantların axınını sürətləndirib, bu da, öz növbəsində, miqrasiya proseslərinə nəzarətin gücləndirilməsini zərurətə çevirib.
Hesabat dövründə xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin aşkar edilməsi istiqamətində müntəzəm tədbirlərin həyata keçirildiyini bildirən Şahin Nəbiyev qeyd edib ki, müəyyən edilmiş inzibati pozuntu halları ilə bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qeydiyyatsız olan, qanunsuz yaşayan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 174 əcnəbidən 75-i barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə inzibati tənbeh növü tətbiq edilib. Onların 82-si 48 saat müddətində ölkə hüdudlarından kənara çıxarılıb, 14-ü isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaqla girişlərinə müəyyən müddətə məhdudiyyət qoyulub. Bu dövrdə miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozmuş, lakin inzibati məsuliyyətə cəlb etməyə imkan verən yaş həddinə çatmamış 22 əcnəbi barəsində inzibati işin başlanılmasının rədd edilməsi barədə qərar qəbul olunub.
Vurğulanıb ki, muxtar respublikada əcnəbilərin və vətəndaşlığı olmayanların haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələrinin verilməsi ilə bağlı işəgötürənlər tərəfindən xidmətə 22 müraciət daxil olub. Onlardan 15-i icra edilib, 7-si isə hazırda icra mərhələsindədir. Bundan əlavə, həmin dövrdə Miqrasiya Məlumat Mərkəzinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər və Azərbaycan Respublikasının vətəndaşları tərəfindən miqrasiya sahəsində qüvvədə olan qanunvericilik, müraciətlərin icrası vəziyyəti və digər məsələlərlə bağlı 164 müraciət olub. Hər bir müraciət tam, dəqiq və operativ cavablandırılıb.
Sonra məruzə ətrafında çıxışlar olub.