REGİONLAR


Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin III konfransı keçirilib

Naxçıvan, 8 dekabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin III konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin sədr müavini Yulət Vəliyev gündəlikdə duran məsələlər barədə məlumat verib. Bildirib ki, konfransın gedişi zamanı əvvəlcə Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin yeni Nizamnaməsi qəbul ediləcək, komitənin hesabatı dinləniləcək, daha sonra komitənin yeni İdarə Heyətinin üzvləri və qurumun sədri seçiləcək, Nəzarət-Təftiş Komissiyasının tərkibi müəyyənləşəcək.

Konfransın gündəliyi yekdilliklə qəbul olunub.

Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin sədri Yaşar Vəliyev hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, komitə hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Ötən dövrdə komitə iş otaqları ilə təmin edilib, əməkdaşlara hərtərəfli iş şəraiti yaradılıb, əməkhaqları artırılıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin əsas fəaliyyəti muxtar respublika ərazisində əhalinin aztəminatlı təbəqəsinə, həmçinin müharibə və təbii fəlakətlər zamanı zərər çəkmiş insanlara tibbi-sosial, humanitar və digər xidmətlərin göstərilməsindən ibarətdir. Hazırda muxtar respublikada Qızıl Aypara Komitəsinin şəhər və rayon bölmələri üzrə 36 mindən çox üzvü var. Cəmiyyətin sosial həyatında mühüm rol oynamış, xeyriyyəçilik ənənələrinə malik Qızıl Aypara Komitəsi 2012-2016-cı illərdə öz fəaliyyətini komitənin Nizamnaməsinə və iş planına əsasən qurub. Hər ilin yanvar ayında İdarə Heyətinin iclasları keçirilib, işdə olan nöqsanlar müzakirə edilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib. Yaşar Vəliyev komitəyə göstərilən dövlət qayğısına görə əməkdaşlar adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edib.

İdarə Heyətinin yeni tərkibi seçildikdən sonra heyət üzvlərindən Cavidan Həsənova və Elçin Əsgərov çıxış edərək bildiriblər ki, ötən dövrdə Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinə sədrlik etmiş Yaşar Vəliyevin bacarığını, işgüzar qabiliyyətini və təşkilatçılığını nəzərə alaraq onun yenidən komitənin sədri vəzifəsinə namizədliyini irəli sürürlər.

Təklif yekdilliklə dəstəklənib.

Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin sədri Yaşar Vəliyev göstərilən etimada görə İdarə Heyətinin üzvlərinə minnətdarlığını bildirib, etimadı doğrultmaq üçün səylə çalışacağını qeyd edib.

Nəzarət-Təftiş Komissiyasının say tərkibi müəyyənləşdirildikdən və komissiya üzvləri seçildikdən sonra konfransın qərar layihəsi oxunub və yekdilliklə qəbul olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov konfransda çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikasında bütün sahələr kimi, ictimai təşkilatlar da hərtərəfli dövlət qayğısı ilə əhatə olunub, onların fəaliyyəti üçün zəruri şərait yaradılıb. Belə təşkilatlardan biri də Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsidir. Ötən dövrdə komitə üçün iş otaqları ayrılıb, zəruri şərait yaradılıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamlarına əsasən, 2013-cü və 2016-cı ildə komitə əməkdaşlarının əməkhaqları 10 faiz artırılıb.

Diqqətə çatdırılıb ki, bu gün keçirilən Qızıl Aypara Komitəsinin III konfransında komitənin yeni Nizamnaməsi qəbul edildi. Nizamnaməyə əsasən, komitənin strukturunda mühüm dəyişikliklər olunub. Bu dəyişikliklər komitənin fəaliyyətinin səmərəli təşkilinə geniş imkan yaradacaq. Göstərilən dövlət qayğısı və qəbul edilən yeni Nizamnamə Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin üzərinə mühüm vəzifələr qoyur. Komitə bundan sonrakı fəaliyyətində ciddi dönüş yaratmalı, şəhər və rayon bölmələrinin, eləcə də ilk təşkilatların fəaliyyətinə nəzarəti artırmalı, görülən işlərin vaxtlı-vaxtında müzakirəsini təmin etməlidir. Müvafiq təşkilatlarla əməkdaşlıq edilməli, tibbi-sosial, humanitar və digər xidmətlərin göstərilməsinə hazır olmalı, ilk yardım proqramları hazırlanmalı, maarifləndirici tədbirlər keçirilməlidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri komitənin üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini bildirib, əməkdaşlara fəaliyyətlərində uğurlar arzulayıb.

Konfransa Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin sədri Yaşar Vəliyev yekun vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.