SİYASƏT
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sərgi salonunda ümummilli lider Heydər Əliyevə həsr olunmuş rəsm sərgisi açılıb
Naxçıvan, 10 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Həbibə Allahverdiyevanın ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Rənglərdə zamanın təcəssümü” adlı fərdi rəsm sərgisi açılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Əməkdar Rəssam Həbibə Allahverdiyevanın ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Rənglərdə zamanın təcəssümü” adlı fərdi rəsm sərgisinə baxıb.
Məlumat verilib ki, mayın 8-də açılan və 10 gün davam edəcək “Rənglərdə zamanın təcəssümü” adlı fərdi rəsm sərgisində rəssamın müxtəlif janrlarda işlədiyi 100-dən artıq rəsm əsəri nümayiş olunur. Portret, mənzərə, natürmort, Naxçıvan etüdləri, kompozisiyalar rəssamın peşəkarlığından və zəngin yaradıcılıq dünyasından xəbər verir.
Ali Məclisin Sədri sərgi ilə tanışlıqdan sonra ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Rənglərdə zamanın təcəssümü” adlı fərdi rəsm sərgisinə görə rəssam Həbibə Allahverdiyevaya təşəkkür edib, ona yeni yaradıcılıq uğurları arzulayıb.
Rəssam Həbibə Allahverdiyeva sərgidə iştirak etdiyinə, eləcə də rəssamlara göstərdiyi diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.