REGİONLAR


Naxçıvan Muxtar Respublikası bu gün cinayətsiz regiona, paytaxtı isə təhlükəsiz şəhərə çevrilib

A+ A

Naxçıvan, 21 iyul, AZƏRTAC

Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolu seçmiş hər bir dövlətin mövcudluğunun mühüm şərtlərindən biri də ictimai-siyasi sabitliyin, təhlükəsizliyin davamlılığının təmin edilməsidir. Müstəqil Azərbaycanın son illərdə bütün sahələrdə sürətlə inkişaf edən, beynəlxalq miqyasda böyük nüfuz sahibi olan dövlətlərdən birinə çevrilməsi də əsası dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitlik amilinə söykənir. Mürəkkəb geosiyasi-coğrafi məkanda yerləşən Naxçıvan Muxtar Respublikası məhz bu sabitlik nəticəsində bütün sahələrdə inkişafını təmin edib, təhlükəsiz regiona çevrilib.

Muxtar respublikamızda ictimai asayişin, qanunçuluğun və hüquq qaydalarının etibarlı təminatı, vətəndaşların konstitusion hüquqlarının yüksək səviyyədə qorunması, kriminogen durumun sabitliyi ötən müddətdə qazandığımız ən mühüm nailiyyətlər sırasındadır. Bu da həqiqətdir ki, muxtar respublikamızın ictimai-siyasi sabitlik şəraitində inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, vətəndaşların təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təminatında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının müstəsna rolu vardır. Cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı qətiyyətli mövqe tutan daxili işlər orqanları qanunla üzərinə düşən vəzifələri yerinə yetirməklə, iqtisadi inkişafın mühüm şərti olan sabitliyin təminatı üçün bütün zəruri tədbirləri həyata keçirib, xalqın və dövlətin sadiq keşikçisinə çevrilib, ictimai etimad qazanıb.

Naxçıvan əhalisi mövcud vəziyyəti alqışlayır. Çünki ötən əsrin 90-cı illərinin əvvəllərində muxtar respublika sakinləri bir çox təhlükələrlə üz-üzə qalıblar. Həmin vaxtlar bir tərəfdən ermənilərin yaşayış məntəqələrimizə ardıcıl hücumları, torpaqlarımızın işğal edilməsi təhlükəsi insanları narahat edirdisə, digər tərəfdən Naxçıvan şəhərində, eləcə də rayon mərkəzlərində və kəndlərdə cinayətkarlığın baş alıb getməsi dəhşətli bir vəziyyətin yaranmasına səbəb olmuşdu. Elə gün olmazdı ki, sakinlər gecəyarısı atılan güllələrin səsindən səksənib oyanmasınlar, özlərini qorumaq üçün çarəsizcə müxtəlif vasitələrə əl atmasınlar, övladlarının küçəyə çıxmasından nigarançılıq keçirməsinlər, qorxu, vahimə içində yaşamasınlar.

İndi tamam başqa bir mənzərədir. Naxçıvan şəhərinin sakinləri qorxu içində yaşamır, öz övladını küçəyə buraxanda və yaxud da özü küçədə gəzərkən, hər hansı bir ictimai yerdə istirahət edərkən bilir ki, dövləti onun təhlükəsizliyini təmin edir. Bugünkü güzəranımız, əslində həm də xoşbəxtliyimizdir. Bu isə muxtar respublikada həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində mümkün olub. Dövlət rəhbərinin həyata keçirdiyi siyasət fonunda daxili işlər orqanlarının dövlətçiliyə və qanunçuluğa bağlılığı nəticəsində bu gün heç bir qüvvə Naxçıvanda asayişi pozmağa qadir deyil.

Bu gün biz Naxçıvan polisinin peşəkarlığı barədə fəxarətlə danışırıq. Çünki muxtar respublikanın daxili işlər orqanlarında qarşıya qoyulan məqsədlərə nail olmaq, vətəndaşlarımızın etimadını qazanmaq üçün daim yeni iş metodları tətbiq edilir, hüquqazidd əməllərin qarşısının alınmasında və ictimai təhlükəsizliyin təmin edilməsində vətəndaş cəmiyyəti ilə əlaqələr möhkəmləndirilir. Şəxsi heyətin peşə hazırlığı, milli dəyərlərə sadiqlik ruhunda tərbiyə olunması, əhalinin müxtəlif təbəqələri və kütləvi informasiya vasitələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilir. Bütün bunları Naxçıvan Şəhər Polis İdarəsinin timsalında da görürük. Bu gün Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları öz fəaliyyətlərini qarşıya qoyulan tələblər çərçivəsində qurub.

Aparılan sosial-iqtisadi siyasət, görülən kompleks tədbirlər nəticəsində muxtar respublikada, o cümlədən Naxçıvan şəhərində cinayətkarlıq halları kəskin şəkildə aşağı düşüb. Belə ki, bu ilin altı ayı ərzində şəhərdə cəmi 3 cinayət hadisəsi qeydə alınıb. Həmin hadisələrdən biri oğurluq, digərləri isə narkotiklərin qanunsuz dövriyyəsi və ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlıdır. Hər üç hadisəni törədən şəxslər məsuliyyətə cəlb olunublar. Müqayisə üçün deyək ki, ötən ilin 6 ayında 4 cinayət faktı qeydə alınıb. Keçən il baş verən cinayətlərin hamısı oğurluq hadisəsi ilə bağlı olub. Profilaktik və hüquqi maarifləndirmə, həmçinin əməliyyat-axtarış tədbirləri nəticəsində mülkiyyət əleyhinə olan cinayətlərin sayı bu ilin altı ayı ərzində dörddən birə enib. Bunu polisin uğurlu fəaliyyətinin əsas göstəricilərindən biri kimi qiymətləndirmək olar.

Göründüyü kimi, Naxçıvan şəhərində istər ötən il, istərsə də bu il ağır və xüsusilə ağır cinayət hadisələri baş verməyib. Dünyanın bir sıra mərkəzi şəhərləri ilə müqayisədə bu faktlar kəskin şəkildə azdır. Ona görə də biz Naxçıvan şəhərini qətiyyətlə təhlükəsiz şəhər adlandıra bilərik.

Təcrübə göstərir ki, yalnız inzibati üsullara söykənən nəzarət heç də hər zaman özünü doğrultmur. Üstəlik, bu üsulla cinayətlərin profilaktikasını aparıb, kökünü kəsmək də qeyri-mümkündür. Belə olduğu halda polis-cəmiyyət, polis-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi, bu istiqamətdə işlərin aparılması zərurətə çevrilir. Çünki muxtar respublikamızın sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsində cinayətkarlıqla mübarizədə polislə yanaşı, vətəndaşların da könüllülük əsasında iştirakı son dərəcə vacibdir. İnkişaf etmiş dövlətlərin də təcrübəsi göstərir ki, vətəndaşların bu prosesdə iştirakı, yəni planlaşdırılan və yaxud törədilən cinayətlər barədə polis orqanlarına məlumat verməsi ictimai sabitliyin və asayişin qorunmasında mühüm rol oynayır. Məhz buna görə də Naxçıvan şəhərinin timsalında cəmiyyət dəstəkli polis fəlsəfəsinə söykənən ictimai şuralar təcrübəsi özünü tam şəkildə doğruldub. Bu gün Naxçıvan Şəhər Polis İdarəsinin bütün sahə məntəqələrində ictimai şuralar fəaliyyət göstərir. İctimai şuralara fəal vətəndaşlar, ərazidə insanların rəğbət bəslədiyi ziyalılar, ağsaqqallar cəlb olunurlar. Onlar polis-vətəndaş münasibətlərinin möhkəmləndirilməsinə, vətəndaşların təhlükəsizliyinin təmini işinə yaxından kömək edirlər. Bu, onu göstərir ki, naxçıvanlılar şəhərimizin təhlükəsizliyinə əhəmiyyət verən, düşüncə baxımından yenilikçi və bəşəri dəyərlərə çox tez adaptasiya olunan insanlardır. Bu, həm də polisin yeni iş metodlarının tətbiqində uğurlu nəticələr əldə etdiyini göstərir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il aprelin 15-də imzaladığı Fərman ilə təsdiq edilmiş “İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası” ictimai asayişin qorunmasında vətəndaşların iştirakına daha geniş imkanlar açır. Bu, polisə ictimai dəstəyin daha da artmasına şərait yaradacaq. Reallıq budur ki, əgər vətəndaş ictimai asayişin qorunmasında iştirak edirsə, bu, həm də hansısa mənada onun özünün öz qayğısına qalması mənasına gəlir. Yəni, sakinlərin hüquq-mühafizə orqanları ilə əməkdaşlığı ictimai asayişin daha etibarlı qorunması deməkdir. Məsələn, hər hansı yerdə bir hadisə baş versə, müvafiq orqanlar hadisə yerinə gələnədək polislə əməkdaşlıq edən vətəndaşlar onun yoluna qoyulması üçün müəyyən qabaqlayıcı tədbirlər görəcəklər.

Bu gün şəhərdə polisləri vətəndaşların əhatəsində şən, gülərüz ünsiyyət durumunda görmək, yaxud polis əməkdaşlarının köməyi ilə yolu adlayan yaşlı və köməksiz vətəndaşların baxışlarındakı məmnunluğu duymaq, etiraf edim ki, qürurverici mənzərədir. Doğrudan da, bu gün cəmiyyət onun rahatlığına xidmət edən polislərin özünün doğma bir parçası olduğunun fərqindədir. Bəlkə də, bu səbəbdən doğma polisinə yardımçı olmaq, cinayətlərin önlənməsinə real töhfə vermək istəyinə düşür. Bunun vətəndaşlar tərəfindən hansı qaydada həyata keçirilməsinin isə heç bir fərqi yoxdur. Əsas olan etimaddır, polisə, yəni təhlükəsizliyimizin qorunmasına kömək etmək istəyidir.

Muxtar respublikada polisin qarşısında duran əsas vəzifələrdən biri də vətəndaşların hüquq cəhətdən maarifləndirilməsidir. İşlər, ilk növbədə, bu sahədə aparılır. Naxçıvan şəhərindəki polis sahə inspektorları, dövlət yol polisi, post-patrul xidməti əməkdaşları tərəfindən vətəndaşların hüquqi cəhətdən maarifləndirilməsinə xüsusi fikir verilir. Ərazidə hər hansı bir hadisənin baş vermədən qarşısının alınması, inzibati xətalara yol verilməməsi üçün ardıcıl və qabaqlayıcı tədbirlər görülür. Şəhər əhalisinin sıx toplaşdığı yerlərdə polis sahə inspektorları insanlarla fərdi söhbətlər aparır. Bu söhbətlər zamanı həm də elektrik enerjisindən, təbii qazdan, sudan israfçılıqla istifadə olunmaması barədə tövsiyələr verilir. Onu da deyək ki, şəhər polisi bu istiqamətdə işlərini günün tələbləri səviyyəsində qurub, dövlət əmlakının qorunması, ondan səmərəli istifadə olunması məsələləri də diqqət mərkəzində saxlanılıbdır.

Naxçıvan Şəhər Polis İdarəsinin İctimai təhlükəsizlik bölməsinin tərkibində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun əməkdaşları şəhərdəki tam orta məktəblərdə olur, profilaktik işlər aparırlar. Onlar yetkinlik yaşına çatmayanların hüquq pozuntularına şərait yaradan halların qarşısının alınmasında təhsil işçiləri ilə sıx əməkdaşlıq edirlər.

Silah həmişə təhlükə mənbəyidir. Bu mənada, əhalidə olan qanunsuz silahların yığılması bu gün də aktual hesab edilir. Bununla bağlı Naxçıvan şəhərində daim profilaktik tədbirlər həyata keçirilir. Aparılan maarifləndirmə işləri nəticəsində cari ilin altı ayı ərzində 3 yivli, 9 yivsiz silah vətəndaşlar tərəfindən tapılaraq könüllü olaraq polisə təhvil verilib.

Naxçıvan şəhərində vətəndaşların şəxsiyyət vəsiqəsi ilə təminatı da diqqət mərkəzindədir. Şəhər Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən bu ilin altı ayında 3 min 741 nəfərə şəxsiyyət vəsiqəsi verilib. Bunlardan 464-ü ilk dəfə şəxsiyyət vəsiqəsi alan 16 yaşlı yeniyetmələrdir.

Polis-vətəndaş münasibətlərinin inkişafına təkan verən digər bir amil insanların problemlərinə diqqət yetirilməsi ilə bağlıdır. Bu ilin 6 ayı ərzində Naxçıvan Şəhər Polis İdarəsinə müraciət edən vətəndaşlar yüksək səviyyədə qəbul edilərək onların problemlərinin həllinə nail olunub. Vətəndaş problemlərinin öyrənilməsi, vətəndaşların qəbulunun asanlaşdırılması və problemlərinin həllinin sürətləndirilməsi məqsədilə müntəzəm olaraq şəxsi heyətə verilən göstəriş, təlimat və tövsiyələr yerlərdə polis əməkdaşlarını nümunəvi davranışlara sövq edir.

Muxtar respublikada “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” elan olunan 2016-cı ildə Naxçıvan Şəhər Polis İdarəsinin şəxsi heyəti arasında mövcud olan mənəvi-psixoloji durum qanunçuluğun, nizam-intizamın daha möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlərin görülməsinə imkan verir. Sevindirici haldır ki, bu gün Naxçıvan Şəhər Polis İdarəsinin hər bir əməkdaşı üzərinə düşən vəzifələrin icrasına məsuliyyətlə yanaşır, xidməti vəzifə borcuna daim sədaqət nümayiş etdirməklə polisin şərəfli adını uca tutur, vətəndaşlarla münasibətdə nəzakətli davranır, polis-vətəndaş münasibətlərini dövlətimizin başçısının tələb etdiyi yüksək səviyyədə təmin edir.

Rauf Əliyev

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.