SİYASƏT


Naxçıvan Muxtar Respublikası müstəqillik illərində böyük inkişaf yolu keçib

A+ A

Naxçıvan, 29 oktyabr, AZƏRTAC

Bu il müstəqilliyinin 25 illiyini qürurla qeyd edən Azərbaycan Respublikası qısa zaman ərzində böyük uğurlara imza atıb. Bu inkişaf və tərəqqi Azərbaycanın bütün bölgələrində, o cümlədən qədim Naxçıvan torpağında da aydın şəkildə müşahidə olunur. Müstəqil ölkəmizin əldə etdiyi ən böyük nailiyyətlərindən biri də 25 ildir ki, blokada vəziyyətində yaşayan muxtar respublikanın hərtərəfli inkişafına nail olunmasıdır. Bu gün Naxçıvan Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə istər sosial-siyasi, istərsə də iqtisadi və mədəni sahələrdə sürətlə inkişaf edir, çiçəklənir. “Şərq qapısı” adlandırılan qədim diyar beynəlxalq tədbirlərin keçirildiyi önəmli mədəniyyət mərkəzlərindən birinə çevrilib.

Tarixin bir çox dövrlərində Azərbaycanın coğrafi cəhətdən mərkəzində yerləşən Naxçıvan XX əsrin 90-cı illərinin əvvəlində sanki taleyin ümidinə buraxılmış bir adanı xatırladırdı. Məkrli düşmənlərimizin Zəngəzuru ələ keçirməsindən sonra Naxçıvan ərazi cəhətdən Azərbaycandan ayrı düşmüşdü. Lakin Naxçıvanın igid və qəhrəman övladları dahilər yurdunu heç vaxt Azərbaycandan ayrı təsəvvür etməyiblər. Buna görə də XX əsrin əvvəllərində olduğu kimi, 80-ci illərdə də Naxçıvana yiyələnmək istəyən erməni millətçilərinin arzuları gözlərində qaldı. Həmin dövrdə Naxçıvana gələn bütün kommunikasiya xətlərinin sıradan çıxarılmasına, ana torpaqla bütün əlaqələrin kəsilərək blokada vəziyyətinə salınmasına baxmayaraq, qədim diyar düşmənə təslim olmadı.

Naxçıvanın çox ağır günlərində doğma yurdun köməyinə gələn Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik və düşünülmüş siyasəti, insanlarımızın fədakarlığı sayəsində Naxçıvan xilas edildi, onun düşmən əlinə keçməsinə imkan verilmədi. Ulu Öndərin Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi bu qədim diyarı bəlalardan xilas etdi. Dahi şəxsiyyətin rəhbərliyi ilə milli dövlətçiliyimizin bərpası istiqamətində uğurlu addımlar atıldı, bir sıra tarixi qərarlar qəbul edildi, ordu quruculuğu prosesinə başlanıldı, muxtar respublikanın təhlükəsizliyi təmin olundu.

Həmin dövrdə Ermənistanla sərhədin cəmi 3-4 kilometrliyində Türkiyə Cümhuriyyəti ilə Naxçıvan Muxtar Respublikasını əlaqələndirən Sədərək-Aralıq Dilucu bölgəsində Ümid körpüsünün salınması siyasi, hərbi, diplomatik və iqtisadi baxımdan böyük hadisə idi. Hələ 1921-ci ildə imzalanmış məşhur Qars müqaviləsinin yenidən beynəlxalq siyasi mühitin gündəminə gətirilməsi bölgədə sülhün möhkəmləndirilməsinə özünün sanballı töhfəsini verdi.

Ulu Öndər hələ XX əsrin 90-cı illərinin əvvəllərində Naxçıvan Muxtar Respublikasında cəmiyyət həyatının bütün sahələrini əhatə edən inkişafın möhkəm əsaslarını yaradıb. Müstəqil Azərbaycanda ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında iqtisadi islahatlar aparılıb, keçmiş planlı təsərrüfat sisteminin əvəzinə bazar iqtisadiyyatına əsaslanan özəl sektor yaradılmağa başlanılıb. Sonralar ümumən Azərbaycanın hər yerində, o cümlədən Naxçıvanda baş verən böyük yeniləşmə və inkişaf prosesləri həmin zəmin üzərində aparılıb.

Ötən 25 il ərzində müstəqilliyin verdiyi imkanlar hesabına muxtar respublikada iqtisadiyyat şaxələndirilib, səmərəli məşğulluq təmin edilib, yeni istehsal və xidmət sahələri yaradılıb, əhalinin maddi rifah halı yaxşılaşdırılıb. Ümumi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalının həcmi müstəqilliyimizin ilk illərinə nisbətən 56 dəfə artaraq 2015-ci ildə 2 milyard 467 milyon manatı ötüb. Hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalının həcmi isə 42 dəfə artaraq 5581 manata çatıb. 2016-cı ilin yanvar-sentyabr aylarında isə ümumi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalının həcmi 1 milyard 831 milyon 84 min manatdan çox olub. Bu da bir il öncəki müvafiq göstəricidən 0,8 faiz artıqdır. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artaraq 4100 manatı ötüb.

Digər sahələrdə də çox böyük inkişaf tendensiyaları müşahidə olunub. Müstəqillik illərində muxtar respublikada sənaye istehsalının həcmi 100 dəfə, əsas kapitala yönəldilən investisiyalar 312 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 10 dəfə, nəqliyyat sektorunda yük daşınması 25 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 112 dəfə, pərakəndə əmtəə dövriyyəsi 35 dəfə, əhaliyə göstərilən pullu xidmətlər 51 dəfə, ixracın həcmi 214 dəfə, əhalinin gəlirləri 57 dəfə, hər bir nəfərə düşən gəlirlər 43 dəfə, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 25 dəfə artıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 2016-cı ilin yanvar-sentyabr aylarında sənaye məhsulunun həcmi 2,5 faiz, əsas kapitala yönəldilən investisiyalar 7 faiz, kənd təsərrüfatının ümumi məhsulu 6,1 faiz, nəqliyyat sektorunda yük daşınması 1,7 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 3,6 faiz, o cümlədən mobil rabitə xidməti 1,7 faiz, pərakəndə əmtəə dövriyyəsi 2,8 faiz, əhaliyə göstərilən pullu xidmətlər 4,1 faiz, ixracın həcmi 1,9 faiz, əhalinin gəlirləri 1,3 faiz, hər bir nəfərə düşən gəlirlər 0,2 faiz çoxalıb.

Aparılmış məqsədyönlü tədbirlər nəticəsində, ümumilikdə, ötən dövrdə 386 sənaye müəssisəsi yaradılıb. Əgər müstəqilliyimizin ilk illərində muxtar respublikada cəmi 56 sənaye müəssisəsi fəaliyyət göstərirdisə, hazırda bu göstərici 8 dəfə artaraq 442-yə çatıb.

Özünün hərtərəfli inkişaf epoxasını yaşayan Naxçıvanın beş min illik tarixində ilk dəfədir ki, onun hətta ən ucqar dağ kəndləri də müasir şəhər görkəmi alıb, abadlaşıb, gözəl yaşayış məskəninə çevrilib. Müasir Naxçıvan bu gün yeni tipli Avrasiya şəhəri kimi diqqətləri özünə cəlb edir. Muxtar respublikada yaşayış məntəqələrinin abadlaşdırılması, əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində görülən tədbirlər nəticəsində ötən dövrdə doğma diyarımızda 4 qəsəbə və 133 kənd mərkəzi istifadəyə verilib.

Bu gün Naxçıvan Muxtar Respublikasında ölkənin intellektual gələcəyinə xidmət edən təhsilin inkişafı da diqqət mərkəzində saxlanılır. Hər il yeni məktəb binaları tikilir, təhsil ocaqlarında müasir tədris avadanlıqları quraşdırılır, məktəblilərin istifadəsinə kompüter dəstləri və elektron lövhələr verilir. Müstəqillik illərində Naxçıvanda təhsil müəssisələri üçün yeni binalar tikilərək, mövcud binalar yenidən qurularaq istifadəyə verilib, onların maddi-texniki bazası möhkəmləndirilib. Muxtar respublikada yeni məktəb binalarının istifadəyə verilməsi, onların texniki və kadr təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi sahəsində ardıcıl iş aparılır. 1995-ci ildən ötən dövr ərzində Naxçıvanda 185 ümumtəhsil məktəbi, eləcə də 19 məktəbəqədər təhsil müəssisəsi, 26 uşaq musiqi və 3 orta ixtisas təhsili müəssisəsi tikilib və ya yenidən qurulub. Təhsildəki keyfiyyət dəyişiklikləri ali məktəblərə qəbulda yüksək bal toplayan abituriyentlərin sayında da özünü göstərir. Əgər 1996-cı ildə 500-700 arası bal toplayan abituriyentlərin sayı 5 nəfər olmuşdusa, 2016-cı ildə onların sayı 338 nəfərə çatıb.

Bir məkanın təhlükəsizliyinin təmin olunması yalnız ordu yaratmaq və sərhədləri qorumaqla deyil, həm də ərzaq, enerji və telekommunikasiya sisteminin təhlükəsizliyinin təmin olunması ilə bağlıdır. Bu gün Naxçıvanda bütün bu tədbirlər tam həyata keçirilib. Belə ki, blokada şəraitinin yaratdığı çətinliklər səbəbindən energetika sahəsində ciddi problemlərlə üz-üzə qalan muxtar respublikaya uzunmüddətli fasilədən sonra 2005-ci il dekabrın 20-də təbii qaz nəqli bərpa olunub. Halbuki iyirmi il bundan əvvəl muxtar respublikada elektrik enerjisi istehsal edən cəmi bir müəssisə fəaliyyət göstərirdisə, ötən müddət ərzində bu sahədə aparılan məqsədyönlü tədbirlər nəticəsində enerji istehsalı müəssisələrinin sayı 8-ə, ümumi gücü 237,4 meqavata çatdırılıb. Görülən işlərin nəticəsidir ki, Naxçıvanda alternativ və bərpa olunan elektrik stansiyalarında istehsal edilən enerji ümumi istehsalın 61,1 faizinə bərabərdir.

Muxtar respublikada mövcud elektrik stansiyalarının, yarımstansiya və elektrik verilişi avadanlıqlarının təmiri ilə yanaşı, yeni elektrik stansiyalarının tikilib istifadəyə verilməsi sahəsində də mühüm işlər görülür. Hazırda Araz çayı üzərində derivasiyatipli 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilir. Culfa rayonunda isə gələcəkdə külək elektrik stansiyasının tikintisinin texniki-iqtisadi əsaslandırılması üçün ölçmə işləri aparılır. Həmçinin gücü 14 meqavat olan Tivi Su Elektrik Stansiyasının və 3,5 meqavat olan Qazançı Su Elektrik Stansiyasının tikintisinin texniki-iqtisadi əsaslandırılması hazırlanır.

Sevindirici haldır ki, muxtar respublikada həyata keçirilən iqtisadi islahatlar əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasını, kənd təsərrüfatının bütün sahələrinin inkişafı məsələsini ön plana çıxarıb. Kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində aparılmış məqsədyönlü tədbirlər nəticəsində 2015-ci ildə muxtar respublikada 106 min 282 ton taxıl, 82 min 16 ton tərəvəz, 45 min 43 ton kartof, 38 min ton bostan məhsulları, 66 min 465 ton meyvə və giləmeyvə istehsal olunub. Bu da 1995-ci ildəki göstəriciləri müvafiq olaraq 4,5 dəfə, 63,1 dəfə, 112,5 dəfə, 95 dəfə və 3,5 dəfə üstələyib. 2016-cı ilin məhsulu üçün muxtar respublikada 61 min 526 hektar sahədə əkin aparılıb ki, bu da bir il əvvəlki göstəricidən 112 hektar çoxdur. Ötən dövr ərzində muxtar respublikada taxılçılıq üstün istiqamət kimi saxlanılıb və 2016-cı ilin məhsulu üçün 31 min 579 hektar sahədə taxıl əkilib ki, bunun da 26 min 792 hektarı payızlıq, 4 min 787 hektarı isə yazlıq taxıldır. Taxıl zəmilərinin 26 min 795 hektarında buğda, 4 min 784 hektarında isə arpa əkilib. Cari ildə taxıl zəmilərindən 94 min 117 ton məhsul toplanıb. Təbii ki, bütün bunlar ərzaq təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyətə malikdir.

Vaxtilə düşmənlərimiz tərəfindən telekommunikasiya xətləri kəsildiyi üçün dünyadan təcrid edilən Naxçıvanda bu gün artıq dördüncü nəsil mobil rabitə şəbəkəsi istifadəyə verilib. Bu il oktyabrın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikada dördüncü nəsil mobil rabitə şəbəkəsinin istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını və sakinləri təbrik edərkən, görülən bütün bu işlərin Ulu Öndərimizin yolunun uğurla davam etdirilməsi nəticəsində həyata keçirildiyini vurğulayaraq deyib: “Oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd etdi. Ötən dövrdə Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası inkişaf etmiş, dövlət müstəqilliyimiz möhkəmlənmiş, ölkəmiz dünya dövlətləri içərisində öz layiqli yerini tutmuşdur. Bütün bunlar 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə qayıdışının və bu gün ölkə Prezidenti tərəfindən Ulu Öndərin yolunun uğurla davam etdirilməsinin nəticəsidir. Bu gün ölkəmizdə bütün sahələr inkişaf etdirilir, yeni texnologiyalar tətbiq olunur, müasir cəmiyyət qurulur. Yeni texnologiyaların tətbiqi isə dünyaya inteqrasiya deməkdir. Birləşmiş Millətlər Təşkilatının son hesabatında qeyd olunur ki, dünya əhalisinin 60 faizinin internetə çıxış imkanı məhduddur. Lakin bu gün muxtar respublikanın bütün ərazisi internetlə təmin olunmuşdur”.

Ötən 25 ildə Naxçıvan çox böyük inkişaf yolu keçib. Bu illərdə iqtisadi və nəqliyyat əlaqələrinin məhdud olduğu şəraitdə yüksək iqtisadi fəallığa nail olunmasını, istehsal potensialının hərəkətə gətirilməsini, davamlı quruculuq işlərini, sosial problemlərin səmərəli həllini və ən əsası əhalinin güzəranının daha da yaxşılaşdırılmasını, demək olar ki, hər bir naxçıvanlının qayğısını çəkmək bacarığını yalnız sadə formada tərəqqi və inkişaf yolu adlandırmaq doğru olmazdı. Bu yol Vətən və dövlət sevgisindən doğan, gərgin əmək və misilsiz əzmkarlığın təcəssümü olan əsl qəhrəmanlıq salnaməsi kimi yaddaşlara həkk olunub. Bütün bunlar hər şeydən əvvəl görkəmli dövlət xadimi Heydər Əliyev siyasi kursunun təntənəsidir.

Rauf Əliyev

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.