REGİONLAR


Naxçıvan Muxtar Respublikasında əhalinin işlə təminatı diqqət mərkəzindədir

Naxçıvan, 17 may, AZƏRTAC 

Muxtar respublikada işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə aktiv məşğulluq tədbirləri davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ötən ay 288 işaxtaran vətəndaş məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 2 nəfər kvota yerlərinə göndərilib, 35 nəfər müvafiq peşə kurslarına cəlb edilib. Keçirilən əmək yarmarkalarında 206 işaxtaran peşə və ixtisasına uyğun işlə təmin olunub.

Naxçıvan Regional Peşə Tədris Mərkəzində əmək bazarının tələbləri nəzərə alınaraq, müxtəlif peşələr üzrə kurslar təşkil olunur. Aprel ayında bərbər-manikürçü kursunu 18 nəfər bitirib. Hazırda bərbər, dayə və xalçaçı peşələri üzrə kurslar davam etdirilir. Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisəsində 12 məhkum aşpaz köməkçisi kursuna, 12 məhkum isə bərbər kursuna cəlb edilib.

Qeyri-formal məşğulluğun qarşısının alınması, işə götürülən şəxslərlə əmək müqaviləsinin bağlanması, onlara verilən əməkhaqlarının reallığı əks etdirməsi ilə bağlı 67 obyektdə yoxlama aparılıb, işəgötürənlər tərəfindən işçilər üçün müvafiq əmək şəraitinin yaradılması, istehsal müəssisələrində əməyin mühafizəsi qaydalarına riayət edilməsi ilə əlaqədar 27 obyektdə nəzarət tədbirləri görülüb.

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə və təhsilə inteqrasiyası da diqqət mərkəzində saxlanılır. Məhdud fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində bu kateqoriyadan olan uşaqların müasir informasiya texnologiyalarından istifadə sahəsində biliklərinin artırılması üzrə məşğələlərin təşkili, müxtəlif sosial xidmətlərin göstərilməsi davam etdirilib. Reabilitasiya təlimlərinə, ümumilikdə, 121 uşaq cəlb olunub. Hərəkət və eşitmə qabiliyyəti məhdud uşaqlar üçün distant dərslər təşkil edilib.

Aprel ayında tənha yaşayan və başqasının yardımına ehtiyacı olan 245 ahıl və fiziki imkanları məhdud şəxsə evlərində, həmçinin 13 nəfərə Ahıllar Evində stasionar sosial xidmət göstərilib. Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 12 şəxsin, Naxçıvan Uşaq Bərpa Mərkəzində isə sağlamlıq imkanları məhdud 6 uşağın müalicəsi aparılıb. Həmçinin 12 nəfər texniki reabilitasiya vasitəsi ilə təmin olunub, 13 məhdud fiziki imkanlıya protez-ortopedik bərpa xidməti göstərilib, 4 nəfərin sosial məişət şəraiti yaxşılaşdırılıb, 5 nəfərin respublika daxilində müalicəsinə kömək edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.