REGİONLAR


Naxçıvan Muxtar Respublikasında seçicilərin 75,8 faizi ümumxalq səsverməsində iştirak edib

A+ A

Naxçıvan, 26 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı ümumxalq səsverməsində Naxçıvan Muxtar Respublikasında 292-si açıq və 24-ü qapalı olmaqla, 316 seçki məntəqəsi fəaliyyət göstərib. Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, həmin seçki dairələrində qeydə alınmış 271 min 939 seçicidən 206 min 127 nəfər, yəni seçicilərin 75,8 faizi ümumxalq səsverməsində iştirak edib. Ən çox seçici fəallığı 1 saylı Şərur-Sədərək seçki dairəsi üzrə qeydə alınıb. Həmin seçki dairəsi üzrə 38 min 664 nəfər seçicidən 30 min 3 nəfəri, yəni seçicilərin 77,6 faizi səsvermədə iştirak edib.

Naxçıvan Muxtar Respublikasında keçirilən referendumda muxtar respublikanın rayonlarında yaşayan seçicilər prosesdə fəal iştirak ediblər.

Şərur rayonu

Sentyabrın 26-da 2 saylı Şərur seçki dairəsində olduq. Burada 1 qapalı, 52 mülki olmaqla, yaradılmış 53 məntəqədə 41 min 995 seçici qeydiyyata alınmışdı. Onların 590 nəfəri ilk dəfə səs verəcəkdi. Dairə seçki komissiyasının sədri İbrahim Abbasov bildirdi ki, seçicilərin səs verməsi, öz fikrini müstəqil ifadə etməsi üçün bütün şərait yaradılıb. Səsvermə, demək olar ki, yüksək fəallıq şəraitində keçir. Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərin mahiyyəti vaxtında izah olunub. Rayonun bütün sakinləri ümumxalq səsverməsinə çox ciddi hazırlaşıb.

2-1 və 2-50 saylı Şərur şəhər, 2-4 saylı Qarxun, 2-5 saylı Məmmədsabir, 2-8 saylı Sərxanlı kənd seçki məntəqələrində veb-kameralar quraşdırılmışdı.

2-4 saylı Qarxun seçki məntəqəsinin həyətində asılmış seçici siyahısında 1496 seçicinin adı var idi ki, onlardan 17-si ilk dəfə belə bir tədbirdə iştirak etmək hüququ qazanmışdı. Bu məntəqədə saat 12-də artıq 350 seçici öz iradəsini ifadə etmişdi. Onlardan biri – ilk dəfə səs verən Cəmşid Əliyev dedi ki, mən də digər seçicilər kimi sevinc içərisindəyəm. Ona görə ki, bu gün ölkə vətəndaşlarının seçimi ilə Konstitusiyamız daha da təkmilləşdirilir. Bundan sonra Azərbaycan vətəndaşı daha yüksək hüquqlara malik olacaq, Konstitusiyamız dövlətçiliyimizin möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edəcək. Bu ali hüquqi sənədin Azərbaycanın tərəqqisinə, vətəndaşların parlaq gələcəyinə xidmət edəcəyini dərindən bilən seçicilərin ümumxalq səsverməsində fəal iştirakı təbiidir.

2-45 saylı Tənənəm seçki məntəqəsində də olduq. Öyrəndik ki, bu məntəqədə muxtar respublikanın ən yaşlı sakinlərindən biri, 104 yaşlı Bəyim Qəribova da səs verməlidir. Onun üçün daşınan qutudan istifadə edildi.

Şərur şəhərindəki dəmiryol vağzalının inzibati binasında təşkil olunmuş 2-50 saylı seçki məntəqəsində səs verən Münəvvər Əhmədova dedi ki, Azərbaycan demokratik inkişaf yolu seçmiş ölkə kimi insan amilini daim uca tutur və onun şəxsiyyətinin müdafiəsində dayanır. Bu baxımdan Konstitusiyanın 24-cü maddəsinə təklif edilən əlavə və dəyişikliklər insan ləyaqətinin qorunmasını dövlətin ali məqsədlərindən biri kimi önə çəkir. İnsan ləyaqətinin uca tutulması, ona hörmətin konstitusion norma kimi təsbit edilməsi, dövlətin bununla bağlı üzərinə öhdəliklər götürməsi son dərəcə təqdirəlayiqdir.

Şərur rayonu ərazisində müşahidə apardığımız seçki məntəqələrinin hamısında seçici fəallığı var idi. İnsanlar bayram əhval-ruhiyyəsində seçki məntəqələrinə gəlirdilər. Hər kəs bilirdi ki, bu referendum müstəqil Azərbaycanın işıqlı gələcəyi üçün keçirilir, insan hüquq və azadlıqları bundan sonra daha etibarlı şəkildə qorunacaq.

Konstitusiyamıza dəyişikliklərlə əlaqədar keçirilən referendumda – ümumxalq səsverməsində fəal iştirak edən Şərur rayonunun səsvermə hüququna malik olan sakinləri öz azad və demokratik seçim hüquqlarından istifadə etdilər. Ümumxalq səsverməsinin nümunəvi keçməsi üçün Şərur rayonunda fəaliyyət göstərən dairə seçki komissiyaları üçün inzibati binaların tikilib istifadəyə verilməsi, məntəqə seçki komissiyalarının yerləşdikləri otaqlarda lazımi şəraitin yaradılması, seçicilərlə aparılan maarifləndirici iş bu mühüm tədbirin uğurla başa çatmasını təmin etdi.

 

Babək rayonu

Babək rayonunda da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda səsvermə prosesi rayon sakinlərinin fəal iştirakı ilə yadda qaldı. Rayon ərazisindəki seçki məntəqələri bütün zəruri texniki avadanlıqlarla təmin edilmişdi. Məntəqələrdə referendumun azad, demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılmışdı.

3 saylı Babək-Kəngərli-Naxçıvan, 5 saylı Şahbuz-Babək və 6 saylı Culfa-Babək seçki dairələrinin Babək rayonu ərazisindəki məntəqələrində qələbəlik idi. Səsvermə prosesi başlayan kimi səsvermə hüququ olan vətəndaşlar mütəşəkkil şəkildə məntəqələrə gəlirdilər.

3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsinin Babək qəsəbəsindəki Babək Rayon Mədəniyyət Evində təşkil edilmiş 3-42 saylı seçki məntəqəsinə gələnlər şəxsiyyət vəsiqəsini göstərir, bülleten alıb kabinəyə keçirdi. Öyrəndik ki, məntəqə üzrə 1156 seçici var. Məntəqə seçki komissiyasının sədri Əli Məmmədovla söhbət zamanı bildirdi ki, seçicilərin sərbəst şəkildə səs verməsi üçün hər cür şərait yaradılıb.

Adıçəkilən seçki dairəsinin Kərimbəyli kənd tam orta məktəbində yaradılan, 1072 nəfərin qeydiyyatda olduğu 3-23 saylı məntəqəsində ilk dəfə bu prosesdə iştirak edən 18 yaşlı gənclərdən Naxçıvan Dövlət Universitetinin tələbəsi Səmral Əkbərova ilə həmsöhbət olduq. O bildirdi ki, referendumdan öncə Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı xeyli məlumat əldə edib, ona görə də bülletenlərlə tanış olmaq onun üçün o qədər də çətin olmayıb. O, qürur duyur ki, ilk dəfə səsvermə hüququndan məhz Konstitusiyaya edilən əlavə və dəyişikliklərlə bağlı referendumda istifadə edir.

5 saylı Şahbuz-Babək seçki dairəsinin Babək rayonunun Sirab kənd tam orta məktəbində yerləşən 5-26 və 5-27 saylı məntəqələrində də qələbəlik hökm sürür, seçicilər mütəşəkkillik nümayiş etdirirdilər. Məntəqə seçki komissiyasının üzvləri qaydalara uyğun hərəkət edir, referendumun gedişində heç bir pozuntu olmaması üçün səy göstərirdilər.

6 saylı Culfa-Babək seçki dairəsinin Nehrəm kənd 1 nömrəli tam orta məktəbindəki 6-8 saylı seçki məntəqəsində də seçicilərin yüksək əhval-ruhiyyə ilə referendumda iştirak etməyə gəldiyini müşahidə etdik. Məntəqənin önündə qarşılaşdığımız Qalib Həsənov dedi ki, Konstitusiyamıza əlavə və dəyişikliklərlə bağlı referendumda fəal iştirak etməyi özünün vətəndaşlıq borcu hesab edir və bir azdan o da digər rayon sakinləri kimi öz səsvermə hüququndan istifadə edəcək. Sözügedən əlavə və dəyişikliklərlə tanış olmaq üçün bir neçə gün öncədən məlumat əldə edib və bu, onun qısa zamanda səs verməsinə kömək edəcək.

Referendumun gedişində 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi dairə seçki komissiyasının sədri Zahid Ələkbərovla da görüşüb həmsöhbət olduq. O bildirdi ki, referendumun keçirilməsi üçün seçki dairəsi üzrə 49 məntəqə yaradılıb. Məntəqələrin 21-i Babək rayonunda, 20-si Kəngərli rayonunda, 8-i Naxçıvan şəhərindədir. Ümumilikdə, bu məntəqələrdə 44 min 75 nəfər seçici qeydiyyatdadır. Onlardan 678 nəfəri ilk dəfə səs verənlərdir.

Ümumiyyətlə, referendum günü apardığımız müşahidələr zamanı belə qənaətə gəldik ki, ümumxalq səsverməsinin şəffaf, demokratik şəkildə başa çatdırılması üçün yaradılan şərait ürəkaçandır. Səsvermə hüququ olan insanlar da bu şəraitdən istifadə edərək referendumun azad və şəffaf şəraitdə başa çatması üçün fəallıq göstərməklə Əsas Qanunumuza edilən dəyişikliklərə öz münasibətlərini bildirirdilər.

 

Ordubad rayonu

Ordubad rayonunda da seçicilər səsvermə prosesində fəallıq nümayiş etdirirdilər. 7 saylı Ordubad-Culfa seçki dairəsində 52 məntəqə fəaliyyət göstərir. Onlardan 45-i Ordubad rayonu, 7-si isə Culfa rayonu ərazisində yerləşir. Dairədə 34 min 865 nəfər seçici qeydiyyatdadır. Onlardan 28 min 531 seçici Ordubad rayonu ərazisində yaşayır. Həmin seçicilərin 481 nəfəri ilk dəfə səs verənlərdir.

Dairənin 7-1, 7-2, 7-3, 7-4 və 7-6 saylı seçki məntəqələrində veb-kameralar quraşdırılmışdı.

7-2 saylı seçki məntəqəsində vətəndaşların öz iradələrini azad şəkildə, heç bir maneə olmadan ifadə etmələrinə tam şərait yaradılmışdı. Məntəqə seçki komissiyasının sədri Azər Məmmədov bildirdi ki, seçici siyahısında 1376 nəfər qeydiyyatdadır. Onlardan 20 nəfəri ilk dəfə səsvermədə iştirak edəcək.

İlk dəfə səs verən seçici Vəfa Əliyeva öz təəssüratlarını bizimlə bölüşərək dedi: “Bu gün çox sevincliyəm. Çünki ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan referendumda iştirak edirəm. Konstitusiyaya edilən dəyişikliklərin ölkəmizin gələcək inkişafına böyük töhfə verəcəyinə əminəm”.

Bu məntəqədə artıq saat 10:00 radələrində 118 seçici öz səsvermə hüququndan istifadə etmişdi.

Ordubad şəhərindəki şahmat məktəbində yerləşən 7-1 saylı, rayon Mədəniyyət Evində yerləşən 7-3 saylı, Ordubad şəhər 3 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən 7-4 saylı məntəqələrdə də olduq. 7-3 saylı məntəqədə qeydiyyatda olan seçicilərdən Qəzənfər Bağırov, Elmira Allahverdiyeva, Faiq Mehdiyev və digərləri referendumun şəffaf və demokratik şəkildə keçirildiyini bildirərək dedilər ki, bu gün muxtar respublikamızda demokratik seçkilərin keçirilməsi, insanların öz iradələrini azad ifadə edə bilmələri üçün hər cür şərait yaradılıb. Bu gün keçirilən referendumda da biz bunun bir daha şahidi olduq. Hər kəs seçki məntəqələrinə gələrək sərbəst şəkildə səs verir. Bütün proseslərin qanunauyğun qaydada aparılması gənclərin gələcəyə inamını daha da artırır.

Rayonun Gənzə kənd tam orta məktəbində yerləşən 7-8 saylı məntəqədə də qələbəlik var idi. Kənd sakinləri həvəslə referendumda iştirak etməyə gəlirdilər. Burada da seçki prosesi qanunvericiliyə uyğun aparılırdı. Kütləvi informasiya vasitələri nümayəndələrinə onları maraqlandıran suallar üzrə müfəssəl məlumat almaq imkanı yaradılmışdı. İlk dəfə səsvermədə iştirak edən 20 nəfər 18 yaşlı gənclə yanaşı, 1910-cu il təvəllüdlü uzunömürlü Məleykə Həsənova da səsvermədə iştirak edirdi.

Rayonun Aşağı və Yuxarı Əylis kəndlərində yerləşən seçki məntəqələrində də müşahidələr apardıq. 7-11 saylı məntəqə Yuxarı Əylisdəki kənd mərkəzində yerləşir. Burada səsvermənin azad və şəffaf keçirilməsi üçün hərtərəfli şəraitin yaradıldığının şahidi olduq. Səs verərək məntəqədən ayrılmaq istəyən 81 yaşlı kənd sakini Bahadur Əliyev dedi: “Uzun illərdir, müxtəlif seçkilərdə iştirak edirəm. Bu dəfə də referendumda iştirak edərək vətəndaşlıq borcumu yerinə yetirdim. Bizim üçün yaradılan şəraitə görə minnətdaram. Mənə məntəqədə qanun çərçivəsində hər cür kömək göstərdilər. İnanıram ki, bu ümumxalq səsverməsində də hər bir kəs Azərbaycanın gələcəyinə səs verəcək”.

Aşağı Əylis kənd tam orta məktəbində yerləşən və 918 seçicisi olan 7-12 saylı məntəqədə gördüklərimiz də belə qənaət yaratdı ki, seçki komissiyaları öz işini seçkilərlə bağlı mövcud təlimatlara uyğun qurub. Burada da seçicilər ölkəmizin inkişaf və tərəqqisi naminə seçki məntəqəsinə gələrək səs verməyə tələsirdilər.

Axşam saatlarına əldə etdiyimiz məlumatlara əsasən, Ordubad rayonundakı seçicilərin əksəriyyəti səsvermə hüququndan istifadə etmişdi. Seçki dairəsinə məntəqələrdən heç bir şikayət daxil olmamışdı.

 

Culfa rayonu

Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsinə 6 saylı Culfa-Babək və 7 saylı Ordubad-Culfa seçki dairələri üzrə Culfa rayonunda 30 məntəqə yaradılmışdı. Ümumilikdə, rayonda 25 min 6 nəfər seçici qeydiyyata alınmışdı. Biz ayrı-ayrı ünvanlarda fəaliyyət göstərən seçki məntəqələrində olduq. Rayonda referenduma nümunəvi hazırlıq görülmüşdü. Culfa rayonundakı seçki məntəqələrinin hər birində səsvermə mütəşəkkilliklə keçirildi. Şəffaflığı təmin etmək məqsədilə 5 məntəqədə veb-kamera quraşdırılmışdı.

6 saylı Culfa-Babək seçki dairəsinin Culfa şəhərində fəaliyyət göstərən 6-18 saylı seçki məntəqəsində səhər saat 8:00-dan başlayaraq mütəşəkkillik müşahidə olunurdu. Məntəqə seçki komissiyasının sədri Murad Hümbətov dedi: “1461 seçicisi olan məntəqəmizdə vətəndaşların tam sərbəst şəkildə səs verməsi üçün lazımi şərait yaradılıb. Referendumun başlandığı ilk saatlardan insanlar məntəqəyə axışırlar. Qeyd edim ki, heç bir qanun pozuntusu müşahidə edilməyib”.

Məntəqədə səs verən seçicilər arasında yüksək fəallıq göstərən bir gənc diqqətimizi cəlb etdi. Öyrəndik ki, ilk dəfədir səs verir. 18 yaşı yenicə tamam olub. Gənc seçici Nərmin Babayevanın təəssüratlarını bizimlə bölüşdü: “Çox həyəcanlıyam. Məntəqədə əsl bayram əhval-ruhiyyəsi var. Culfa şəhər sakinləri böyük ruh yüksəkliyi ilə məntəqəyə gələrək vətəndaşlıq borclarını yerinə yetirirlər. Mən də referendumda iştirak etdim və bundan böyük qürur hissi duyuram. Öz Vətənimlə fəxr edirəm. Xoşbəxtəm ki, belə demokratik bir ölkədə yaşamaq mənə nəsib olub”.

Seçki məntəqələrindən biri Culfa şəhər 2 nömrəli tam orta məktəbin binasında yerləşir. 6-16 saylı məntəqə seçki komissiyasının sədri Sərdar Əliyev ümumxalq səsverməsinin başlanmasından qısa müddət keçməsinə baxmayaraq, artıq 280 nəfərin səs verdiyini bildirdi.

Bir sözlə, səsvermə prosesi öz qaydasında, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun şəffaf və demokratik şəraitdə gedirdi.

Həmin gün rayonun ucqar dağ və sərhəd kəndlərində də seçkilər yüksək seçici fəallığı ilə keçirilirdi. Rayonun Şurud kəndindəki 7-42 saylı seçki məntəqəsində də izdiham var idi. 86 yaşlı seçici Əli Şəkərəliyev referendumun yüksək səviyyədə keçirildiyini qeyd edərək bildirdi ki, insanlar məntəqəyə gələrək sərbəst şəkildə səs verirlər. Onlar ötən seçkilərdə olduğu kimi, yenə də gülərüzlə, ailəliklə məntəqəyə gəlirlər. Bax bu fakt ölkəmizdəki seçkilərin şəffaf və ədalətli keçirildiyindən xəbər verir.

Rayonun Gal, Camaldın, Yaycı, Dizə, Gülüstan, Ərəzin, Əbrəqunus, Kırna, Bənəniyar, Ərəfsə, Ləkətağ və Boyəhməd kəndlərində yerləşən 7-43, 7-44, 7-45, 7-46, 7-47, 7-48, 6-20, 6-21, 6-22, 6-23, 6-24, 6-25, 6-35, 6-36, 6-37 saylı seçki məntəqələrində də seçicilər yüksək fəallıq nümayiş etdirirdilər.

 

Kəngərli rayonu

Səsvermə prosesini müşahidə etmək üçün Kəngərli rayonundakı bir neçə seçki məntəqəsində də olduq. Azərbaycan Respublikasının Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçirilən səsvermə üçün 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi üzrə Kəngərli rayonunda 20 seçki məntəqəsi fəaliyyət göstərirdi. Rayon üzrə 20 min 894 seçici qeydə alınmışdı.

3-12 saylı seçki məntəqəsi Şahtaxtı Kənd Mərkəzində yerləşir. 1246 nəfər seçicisinin olduğu məntəqədə sərbəst şəkildə səs vermə üçün hər cür şərait yaradılmışdı. Seçicilərdən ilk dəfə səs verən Zivər Babayeva dedi: “Mənim kimi ilk dəfə səs verən gənclərin səsvermədən əvvəl seçki proseduru ilə bağlı maarifləndirilməsi bizim seçkilərdə fəal iştirak etməyimizə zəmin yaradır. Konstitusiyamıza edilən dəyişikliklər ölkəmizin hərtərəfli və davamlı inkişafına şərait yaradacaq. İnanırıq ki, bu gün keçirilən ümumxalq səsverməsi bundan sonra da Azərbaycanda sabitliyin və hərtərəfli inkişafın qarantı olacaq”.

Qıvraq qəsəbə tam orta məktəbində yaradılan 3-17 saylı məntəqədə də seçici fəallığı hiss olunurdu. Məntəqə seçki komissiyasının sədri Nazim Əsgərov dedi ki, burada 1211 nəfər seçici qeydiyyata alınıb. Seçicilərdən 25 nəfəri ilk dəfə səs verənlərdir. Günortaya kimi seçicilərin, demək olar ki, yarısı səsvermə hüququndan istifadə edib. Məntəqədə qayda pozuntusu qeydə alınmayıb. Məntəqənin veb-kamera ilə təchiz olunması referendumun online müşahidə olunmasına imkan verir.

Rayonun ən böyük yaşayış məntəqəsi olan Qarabağlar kəndində də seçicilərin fəallığı yüksək idi. 3-4 saylı seçki məntəqəsi kənddəki 1 nömrəli tam orta məktəbin binasında yerləşir. Bu məntəqə üzrə 1524 nəfər seçici qeydiyyata alınmışdı. Seçicilərdən Mirələm Seyidov bildirdi ki, məntəqədə səsvermə üçün hərtərəfli şərait yaradılıb. Hər kəs öz iradəsini sərbəst şəkildə ifadə edir. Digər kənd sakini Yaşar Məhərrəmov da vətəndaşlara öz seçimlərini sərbəst ifadə etmək üçün lazımi şərait yaradıldığını vurğuladı.

Xok kənd tam orta məktəbindəki 3-2 saylı seçki məntəqəsində də seçicilər üçün hərtərəfli şərait yaradılmışdı. Məntəqə seçki komissiyasının sədri Mübariz İsayevdən öyrəndik ki, burada 1192 seçici qeydiyyata alınıb. Onlardan 26 nəfəri ilk dəfə səsvermədə iştirak edənlərdir. Həmsöhbətimiz bildirdi ki, kənd sakinləri səsvermədə fəal iştirak edirlər. Saat 12:00-dək 465 nəfər seçici səsvermədə iştirak edib ki, bu da ümumi seçicilərin 39 faizini təşkil edir.

Gənc seçici Ramin Əsgərli bizimlə söhbətində bildirdi ki, Konstitusiyamıza təklif edilən dəyişikliklərlə bağlı ümumxalq səsverməsində öz hüququndan istifadə edib. Ölkəmizin, eləcə də muxtar respublikamızın bundan sonrakı inkişafında da insan amilinin öndə olacağına əminliyini bildirən müsahibimiz vurğuladı ki, ümumxalq səsverməsində gənclər yekdilliklə iştirak edir.

Rayonda olarkən Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi üçün yaradılan digər seçki məntəqələrində də olduq və həmin məntəqələrdə də seçici fəallığını izlədik.

 

Şahbuz rayonu

Referendum günü səhər saatlarından Şahbuz şəhərinin mərkəzində canlanma var idi. Saat 8-də Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin binasında yerləşən 5-1 saylı seçki məntəqəsində ilk səs verən Şahbuz şəhər sakini Həsən İsmayılov oldu. Səsvermədən sonra onun fikirlərini soruşduqda Həsən müəllim ölkəmizdə keçirilən bu referendumun bütün cəmiyyətimizə faydalı olacağına inandığını bildirdi. Uzun illər rayonda müxtəlif vəzifələrdə çalışmış 80 yaşlı əmək veteranı ümumxalq səsverməsinə çıxarılmış dəyişikliklərin cəmiyyətimizin sosial sifarişi olduğunu və ölkəmizdə bərqərar olmuş sabit inkişafın qorunub saxlanılmasına xidmət etdiyini vurğuladı.

Bu məntəqədə ilk dəfə səs verən gənc seçici Dilarə Şahgəldiyeva bu il yüksək balla tələbə adını qazanıb. O, ilk dəfə səsvermədə iştirak etdiyi üçün çox həyəcanlı idi. 18 yaşlı Dilarə gənclərin cəmiyyətdəki fəallığının artırılmasına da yol açan bu səsverməyə böyük sevinclə gəldiyini bildirdi.

Şahbuz uzunömürlülər diyarıdır. Burada yaşayan ahıl vətəndaşlar da səsvermədə həvəslə iştirak edirdilər. Rayon üzrə ən yaşlı seçici Ceyran Qafarovanın da 5-1 saylı məntəqədə səs verəcəyini öyrəndik. Səsvermədən sonra Ceyran nənəyə yaxınlaşdıqda o, dövlətimizin bayrağının daim yüksəklərdə dalğalanmasını arzuladı. Yaşı yüzə çatmış bu ağbirçək ümumxalq səsverməsi barədə qabaqcadan məlumatlandırıldığını və bu gün öz konstitusion hüququndan istifadə etdiyini bildirdi.

1445 nəfərin səsvermədə iştirak edəcəyi Şahbuz şəhərinin mərkəzindəki bu seçki məntəqəsində müşahidələrimizi tamamladıqda artıq səhər saat 9 olmuşdu. Məntəqə seçki komissiyasının sədri Məhərrəm İsmayılov dedi ki, səsvermə başlanandan bir saat içində seçicilərin 6 faizi səsvermədə iştirak edib.

5-7 saylı seçki məntəqəsi rayonun iri yaşayış məntəqələrindən biri olan Kolanı kəndində yerləşir. Bu məntəqədə 1256 nəfər seçici qeydiyyatdadır. Onlardan 20 nəfəri ilk dəfə səs verənlər idi. Məntəqə seçki komissiyasının sədri Mahir Nəcəfov ilk saatlardan səsvermə fəallığının yüksək olduğunu və səhər saat 9.30-da artıq 80 nəfərin ümumxalq səsverməsində iştirak etdiyini bildirdi.

Ağbulaq Şahbuzun ucqar dağ kəndlərindəndir. Burada təşkil olunmuş 5-22 saylı seçki məntəqəsində 287 nəfər vətəndaşın səsvermədə iştirak edəcəyi bildirildi. Bu məntəqədə də yüksək fəallıq var idi.

Ümumilikdə, 5 saylı Şahbuz-Babək seçki dairəsinin Şahbuz rayonu üzrə 25 seçki məntəqəsində 15 min 105 nəfər səsvermə hüququna malik vətəndaş var. Onlardan 223 nəfəri ilk dəfə olaraq səs verəcəkdi. Rayon ərazisindəki iki məntəqədə quraşdırılmış veb-kameralarla referendumu online izləmək mümkün olub. Şahbuzdakı bütün məntəqələr referendumun normal keçirilməsi üçün zəruri olan avadanlıqlar və daşınan səsvermə qutuları ilə təmin edilib.

Beləliklə, ümumxalq səsverməsi bütün muxtar respublikamızda olduğu kimi, Şahbuz rayonunda da vətəndaşların böyük fəallığı ilə yadda qaldı. Bu referendum bir daha sübut etdi ki, ölkəmizin hər yerində olduğu kimi, Şahbuzda da vətəndaşlar sosial-iqtisadi və siyasi proseslərlə yaxından maraqlanır, səsvermə hüquqlarından istifadə edirlər.

 

Sədərək rayonu

Sədərək rayonunda da bütün seçki məntəqələrində sakinlər səsvermə prosesində fəal iştirak edirdilər.

1 saylı Şərur-Sədərək seçki dairəsinin bu rayon üzrə biri qapalı olmaqla, ümumilikdə, 8 seçki məntəqəsi təşkil olunmuşdu. Məntəqələrdə 11 min 141 seçici qeydiyyata alınmışdı. 1-1 saylı Heydərabad qəsəbə seçki məntəqəsində müşahidə kamerası quraşdırılmışdı.

Məntəqə referenduma yüksək səviyyədə hazırlanmışdı. Burada 1494 seçici səs verməli idi. Onlardan 9 nəfəri ilk dəfə olaraq səs vermək hüququndan istifadə edirdi. Orxan Tağıyev bildirdi ki, ilk dəfə səs verdiyi üçün özünü xoşbəxt sayır. Çünki bununla o, ölkəmizin gələcəyinə səs verir.

Bu dairənin 1-4 saylı seçki məntəqəsinin yerləşdiyi binanın həyətində görüşdüyümüz Əmrah Nəbizadə ümumxalq səsverməsinin şəffaf şəkildə keçirildiyini bildirərək fikrini belə ümumiləşdirdi: “Referendum Aktı layihəsində təklif olunan dəyişikliklərin hamısı dövrün, zamanın tələbidir. Bu dəyişikliklərlə bağlı aparılan maarifləndirici söhbətlər, ilk dəfə səs verəcək gənclərlə görüşlərin təşkil olunması, onlara hüquqlarının izah edilməsi referendumun mütəşəkkilliyini təmin edib”.

1-5 saylı seçki məntəqəsində 1481 seçici qeydiyyata alınmışdı. Burada yaradılan hərtərəfli şərait onların öz iradələrini sərbəst şəkildə ifadə etməyə imkan verirdi. Məntəqədə görüşdüyümüz İsmət Bayramlı referendumun təşkilindən razılığını bildirdi. Dedi ki, Konstitusiyamıza təklif olunan dəyişikliklərin əksəriyyəti insan hüquq və azadlıqları ilə bağlıdır. Diqqəti cəlb edən əsas məqamlardan biri də ondan ibarətdir ki, təklif olunan dəyişikliklərin dövlət orqanlarının vətəndaşlarla münasibətdə daha həssas olmaları təmin edilsin. Ölkənin hərtərəfli inkişafı istiqamətində daha səmərəli addımlar atılması üçün müvafiq konstitusion islahatların aparılması bir zərurətdir və zamanın tələbindən irəli gəlir.

1-7 saylı Qaraağac seçki məntəqəsində səsvermədə iştirak edən seçicilərdən də bir neçəsinə yaxınlaşdıq. Məlumat üçün bildirək ki, bu məntəqədə 1488 seçici səs verməli idi. Məntəqədə olduğumuz vaxt seçicilərin fəallıq göstərdiklərini izlədik.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.