SİYASƏT
Naxçıvan Muxtar Respublikasında taxıl biçini mütəşəkkil aparılır
Naxçıvan, 1 iyul, AZƏRTAC
Tələbata uyğun keyfiyyətli məhsul istehsalı və kənd təsərrüfatının rentabelli inkişafı ərzaq təhlükəsizliyinin təmin olunmasında vacib məsələdir. Muxtar respublikada bu amil diqqətdə saxlanılır. Həyata keçirilən aqrotexniki tədbirlər, keyfiyyətli toxum və gübrə təminatı, torpaqların münbitləşdirilməsi və müasir irriqasiya sistemlərinin istifadəyə verilməsi nəticəsində Naxçıvanda taxıl əkini sahələri xeyli genişlənib. Bu ilin məhsulu üçün muxtar respublikada 22 min 268 hektar sahədə buğda, 9 min 364 hektar sahədə isə arpa əkilib. Hazırda taxıl sahələrində biçin aparılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyulun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli rayonunun Böyükdüz kəndindəki taxıl əkini sahəsinə gəlib, taxıl biçininin gedişi ilə maraqlanıb.
Məlumat verilib ki, 400 hektar taxıl sahəsində şırım üsulu ilə yerli iqlim şəraitinə uyğun məhsuldar “Qobustan” toxum sortu əkilib. Ərazidə qapalı suvarma şəbəkəsinin quraşdırılması, mütərəqqi əkin və suvarma metodlarından istifadə, zərərvericilərə və xəstəliklərə qarşı vaxtında mübarizə tədbirlərinin görülməsi taxılın vegetasiya dövründə yaxşı inkişafına və bol məhsul istehsalına səbəb olub. Biçinə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin 6 kombaynı cəlb olunub. Bu günə qədər 100 hektarda biçin aparılıb. Məhsuldarlıq orta hesabla 30 sentnerdir.
Muxtar respublikada taxıl biçininin iyul ayının sonuna qədər başa çatdırılması nəzərdə tutulub. Anbar və dəyirmanlarda taxılın qəbulu da mütəşəkkil qaydada həyata keçirilir.
Ali Məclisin Sədri taxılın biçini və qəbulu, eləcə də payızlıq əkinə hazırlıq barədə müvafiq tapşırıqlar verib.