REGİONLAR


Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı artıb

A+ A

Naxçıvan, 21 sentyabr, AZƏRTAC

Muxtar respublikada bu ilin yanvar-avqust aylarında 1 milyard 602 milyon 760 min manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, hər bir nəfərə düşən ÜDM-in həcmi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz artaraq 3593,6 manata çatıb.

Muxtar respublikada yaradılan ÜDM-in tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 690 milyon 988 min 800 manat həcmində məhsul istehsal edilib ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricini 2,7 faiz üstələyib.

İnfrastruktur quruculuğu çərçivəsində cari ilin yanvar-avqust aylarında muxtar respublikada əsas kapitala 628 milyon 260 min 800 manat həcmində investisiya yönəldilib. Bu da bir il öncəki göstəricidən 0,7 faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyaların 583 milyon 503 min 500 manatı və ya 92,9 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.

2016-cı ilin yanvar-avqust aylarında informasiya və rabitə xidmətlərinin həcmi 32 milyon 992 min manata yaxın olub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 27 milyon 260 min manat olmaqla, bir il öncəki göstəricini 1,9 faiz üstələyib.

Qeyd olunan dövrdə 266 milyon 35 min manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunub. Bu, 2015-ci ilin müvafiq dövründəki göstəricini 5,5 faiz üstələyib. Bu dövrdə muxtar respublikada diri çəkidə 12,8 min ton ət, 61,6 min ton süd istehsal edilib, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,7 faiz, süd istehsalı 1,4 faiz artıb.

Əhali gəlirlərinin artımı davam edir. 2016-cı ilin yanvar-avqust aylarında muxtar respublikada əhalinin gəlirləri 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz artaraq 1 milyard 176 milyon 416 min 400 manat, onun hər bir nəfərə düşən həcmi isə 0,7 faiz yüksələrək 2637,7 manat təşkil edib.

Muxtar respublikada bank sektorunun normal fəaliyyəti də təmin edilib. 2016-cı il sentyabrın 1-nə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 57273-ə çatıb ki, bunun da 50935-i və ya 88,9 faizi aktiv hesablardır. 2016-cı ilin yanvar-avqust aylarında açılmış 11380 bank hesabının hamısı aktiv hesablar olub.

Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı isə sentyabrın 1-nə olan məlumata görə, 1170-ə çatdırılıb.

Qeyd olunan dövrdə muxtar respublikaya 234 min 363 nəfər turist gəlib. Bu da 2015-ci ilin müvafiq dövründəki göstəricidən 4,5 faiz və ya 10181 nəfər çoxdur.

Avqustun 1-nə muxtar respublikada əhalinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4894 nəfər və ya 1,1 faiz artaraq 447104 nəfər təşkil edib.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.