REGİONLAR
Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunan hüquq olimpiadası başa çatıb
Naxçıvan, 26 noyabr, AZƏRTAC.
Naxçıvan Dövlət Universitetində (NDU) muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və ümumtəhsil məktəblərinin şagirdləri arasında Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunan hüquq olimpiadası başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən yekun tədbirində çıxış edən NDU-nun rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov olimpiadaların əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev isə çıxışında qeyd edib ki, ötən 90 ildə muxtar respublikada həyatın bütün sahələri ilə yanaşı, təhsilin inkişafında da bir sıra uğurlar qazanılıb. Son 19 ilə nəzər salsaq, görərik ki, tarix üçün qısa zaman kəsiyi olan bu dövrdə təhsil sahəsində on illərə bərabər yol keçilib. Məktəblər üçün müasir tələblərə cavab verən yeni binalar inşa edilib, təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilib, şagirdlərin ixtiyarına elektron lövhələr, kompyuter dəstləri verilib. Bütün bunlar təhsilin səviyyəsinin yüksəldilməsinə şərait yaradıb.
Vurğulanıb ki, bu il ali və orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanlarında iştirak edən məzunlardan 1725-i, yəni sənəd verənlərin 55,4 faizi tələbə adını qazanıb. Ali məktəblərə qəbul olunan məzunların 347-si imtahanlarda daha yüksək nəticə göstərərək 500-700 intervalında bal toplayıb. Bildirilib ki, olimpiadanın nəticələri də bu gün muxtar respublikanın bütün orta, orta ixtisas və ali məktəblərində yüksək intellektual səviyyəyə malik gənclərin təhsil aldıqlarını bir daha onu göstərdi.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının şöbə müdiri Abil Orucəliyev olimpiadanın təşkili, keçirilməsi və yekunu barədə məlumat verib.
Sonra hüquq olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi olub. Üç şagird muxtar respublikanın tam orta məktəblərindən, 3 tələbə orta ixtisas təhsili müəssisələrindən, 3 tələbə isə ali məktəblərdən olmaqla qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.