SİYASƏT
Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində Respublika Günü qeyd olunub
Bakı, 27 may, AZƏRTAC
Mayın 27-də Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində 28 May – Respublika Gününə həsr olunmuş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a daimi nümayəndəlikdən məlumat verilib.
Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov bildirib ki, bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 98-ci ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olub. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb. Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir.
Bəxtiyar Əsgərov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin göstərdiyi siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir. Eyni zamanda, Azərbaycanın 1991-ci ildə bərpa etdiyi müstəqilliyinin ilk illərinin çətin keçdiyi, həmin dövrdə hökm sürən anarxiya, xaos, hakimiyyətsizlik və özbaşınalığın ölkəmiz üçün böyük təhlükə olduğu, yalnız 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra bütün xoşagəlməz halların qarşısının alındığı, respublikada sabitliyin yarandığı, inkişaf dövrünün başlandığı, dövlətçiliyimizin əsaslarının formalaşdırıldığı və ümumi inkişaf strategiyasının müəyyənləşdirildiyi də tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin ən şərəfli səhifələrindən biri olduğunu diqqətə çatdıran Bəxtiyar Əsgərov müasir müstəqil dövlətimizin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bu gün də inamla irəlilədiyini, dinamik inkişaf etdiyini, regionda və dünyada lider dövlətə çevrildiyini vurğulayıb.