REGİONLAR


“Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin ikinci cildi nəşrə hazırlanır

Naxçıvan, 13 iyul, AZƏRTAC 

AMEA Naxçıvan Bölməsində “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin ikinci cildinin hazırlanması istiqamətində görülən işlərlə əlaqədar işçi qrupunun görüşü olub.

Akademiyanın Naxçıvan Bölməsinin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənovun və coğrafiya elmlər doktoru Zakir Eminovun iştirak etdiyi görüşdə “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin ikinci cildində fəsillər üzrə xronoloji ardıcıllıqla hazırlanan məqalələrə baxılıb. Yeni nəşrin elmi dəyərini daha da artıracaq əlavələr - şəkillər, xəritələr müzakirə edilib.

Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin ikinci cildində Naxçıvanın iqtisadi-sosial coğrafiyasının hərtərəfli təhlilinə aid materiallar veriləcək. Belə ki, girişdən, 10 fəsildən, ədəbiyyat siyahısından və əlavələrdən ibarət olacaq kitabda muxtar respublika əhalisinin təbii artım xüsusiyyətləri, məskunlaşma məsələləri, yaşayış məntəqələrinin funksional problemləri, intensiv baş verən dəyişikliklər, ən yeni statistik məlumatlar öz əksini tapacaq. Eyni zamanda, Naxçıvanda sənayenin, kənd təsərrüfatının, nəqliyyatın müstəqillik illərində inkişaf dinamikası barədə ətraflı məlumat veriləcək. Sosial sahədə baş verən əhəmiyyətli dəyişikliklər konkret faktlarla geniş oxucu kütləsinə təqdim olunacaq.

Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci cildində zəngin təbii şəraitə və təbii ehtiyatlara malik olan muxtar respublika ərazisinin fiziki coğrafiyasının müxtəlif sahələrini əhatə edən ən son elmi tədqiqatların nəticələrinə dair məlumatlar verilib. Fundamental əsərdə Naxçıvan ərazisinin geoloji quruluşu, relyefi, iqlimi, su ehtiyatları, torpaq və bitki örtüyü, heyvanlar aləmi və landşaftları araşdırılmaqla, fiziki-coğrafi rayonlaşdırma vahidləri müəyyənləşdirilib və onlar geniş şərh edilib.

Kitabların bu ilin sonunadək çapı nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.