REGİONLAR


Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinin gəlirləri 110 faiz icra olunub

Naxçıvan, 4 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlirləri 2017-ci ilin birinci yarısında 31 milyon 631 min 900 manat proqnoza qarşı 34 milyon 907 min manat və ya 110,4 faiz icra olunub, büdcəyə 3 milyon 275 min 100 manat məbləğində əlavə vəsait daxil olub.

AZƏRTAC xəbər verir ki, bu faktları Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində keçirilən kollegiya iclasında maliyyə naziri Səbuhi Məmmədov səsləndirib.

Nazir bildirib ki, 2017-ci ilin birinci yarımilində makroiqtisadi sabitliyin qorunması muxtar respublikada iqtisadi inkişafa şərait yaradıb, qazanılan uğurlar dövlət büdcəsinin gəlirlərinə öz təsirini göstərib. Cari ilin ilk altı ayında büdcə gəlirlərinin 84,3 faizi və ya 29 milyon 427 min manatı Vergilər Nazirliyi, 8,8 faizi və ya 3 milyon 84 min manatı Dövlət Gömrük Komitəsi tərəfindən toplanılan daxilolmalardan, 4 faizi və ya 1 milyon 377 min manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən, 2,9 faizi və ya 1 milyon 19 min manatı isə vergi olmayan sair daxilolmalar hesabına olub.

Diqqətə çatdırılıb ki, 2017-ci ilin birinci yarımilində aparılmış maliyyə nəzarət tədbirləri nəticəsində, ümumilikdə, 207 min 725 manat məbləğində vəsait dövlət büdcəsinə bərpa edilib. Eyni zamanda, dövlət müəssisə və təşkilatlarında aparılan yoxlamalar zamanı əmək intizamına əməl edilməməsi, əməkhaqının artıq hesablanması, büdcə vəsaitlərindən istifadə qaydalarının pozulması, əsassız xərclərə səbəb olan qurğuların istifadəsi hallarına qarşı qanunamüvafiq qaydada tədbirlər görülüb.

Qarşıdakı dövrdə görüləcək işlərə toxunan nazir vurğulayıb ki, Maliyyə Nazirliyinin müvafiq strukturları tərəfindən büdcə vəsaitlərinin qanunauyğun və səmərəli istifadəsinə nəzarət artırılmalıdır. Maliyyə vəsaitlərindən təyinatına uyğun şəkildə istifadə edilməsinə nəzarət olunmalı, büdcə təşkilatlarında xərclər üzrə müəyyən olunmuş limitdən artıq vəsaitlərin xərclənməsinin qarşısı alınmalı və əlavə xərclərə yol verən, borc yaradan təşkilatlar barədə qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülməlidir.

Qeyd olunub ki, rayon maliyyə orqanları nazirliyin elektron nəzarət sistemləri ilə aparılan işin keyfiyyətini diqqət mərkəzində saxlamalı, maliyyə və mühasibatlıq işində operativliyin təmin olunması istiqamətində fəaliyyətlərini artırmalıdırlar.

Sonra digər çıxışlar dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.