REGİONLAR
“Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın müzakirəsi davam etdirilir
Naxçıvan, 19 may, AZƏRTAC
“Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın müzakirəsinin “Naxçıvan” Universitetində keçirilməsində məqsəd muxtar respublika ərazisində ehtimal olunan təbii texnogen fəlakətlər və sosial-bioloji təhlükələr haqqında müəllim-tələbə heyətinə ətraflı məlumat vermək, eləcə də universitetdə mülki müdafiə işinin təşkilində və mülki müdafiə dərslərinin tədrisində metodiki vəsait kimi istifadə edilməsindən ibarətdir.
“Naxçıvan” Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu sözləri “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın müzakirəsi münasibətilə keçirilən tədbirdə universitetin rektoru, professor İsmayıl Əliyev deyib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın redaksiya heyəti sədrinin müavini Şamı Abdullayev çıxış edib. Qeyd olunub ki, muxtar respublikanın ərazisi təbii fəlakətlər baxımından Azərbaycanın ən təhlükəli regionlarından biridir. Ehtimal olunan fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğınların söndürülməsinin təşkili, eləcə də yerli icra hakimiyyəti orqanlarının faəliyyətinin əlaqələndirilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun daim diqqət mərkəzində olub və 2005-ci ilin 30 dekabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi yaradılıb. Ötən dövrdə nazirlik əməkdaşları əhalinin mühafizəsi sisteminin təkmilləşdirilməsi, qarşıya çıxan problemlərin həlli, bu sistemin dinamik inkişafının təmin edilməsi istiqamətində müəyyən olunmuş vəzifələri layiqincə yerinə yetiriblər.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il martın 17-də imzaladığı Sərəncam ilə “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın nəşri bu sahədə görülən işlərin məntiqi davamıdır. Atlasda dərc olunan məlumatlar “Naxçıvan” Universiteti tələbələrinin fövqəladə hallar üzrə biliklərə yiyələnməsində əhəmiyyətli rol oynayacaq. Universitetin belə bir kompakt məlumat bazasına malik olması mülki müdafiə tədrisinin keyfiyyətini yüksəldəcək və müəllimlərin peşəkarlığının artmasına öz töhfəsini verəcək.
Nazir vurğulayıb ki, “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında müstəsna əhəmiyyət kəsb edir. Atlasda dərc olunan materiallardan müxtəlif təbii fəlakətlərin qəza və faciələrin qarşısının alınmasında və nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin praktik olaraq planlaşdırılması və həyata keçirilməsində geniş istifadə olunacaq.
Sonra Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər naziri, “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” nın redaksiya heyətinin üzvü Hafiz Yaqubovun, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilovun, “Naxçıvan” Universitetinin fövqəladə hallar komissiyasının sədri Şaxı Babayevin, “Naxçıvan” Universitetinin təbiət elmləri kafedrasının dosenti Nazim Bababəylinin mövzu ilə bağlı çıxışları dinlənilib.