REGİONLAR
Naxçıvan Özəl Universiteti üçün inşa olunan kompleksdə tikinti işləri sürətlə davam etdirilir
AZƏRTAC xəbər verir ki, kompleksin 6 mərtəbəli tədris korpusu, zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət yataqxanası, 4 mərtəbəli xarici dillər fakültəsi, 3 mərtəbəli inzibati binası, yay və qış idman kompleksi müasir üslubda inşa olunur. Ümumilikdə, 8 binanın tikintisi davam etdirilir.
Üç mərtəbədən ibarət olacaq kitabxana və sosial xidmət mərkəzinin inşasına da başlanılıb. Rektorluq, əsas tədris və xarici dillər fakültəsində binalarında tamamlanma işləri aparılır.
Universitetdə tələbələrin sosial xidmətinin yaxşılaşdırılması istiqamətində də mühüm işlər görülür. Universitet yataqxanasında yaşayış otaqları ilə yanaşı, camaşırxana, istirahət guşəsi, mətbəx və digər otaqlar tələbələrin ixtiyarına veriləcəkdir. Ali təhsil müəssisəsində kompyuter mərkəzi, tələbələrin asudə vaxtlarının səmərəli keçirmələri üçün idman arenaları da tələbələrin ixtiyarına veriləcəkdir.