REGİONLAR
Naxçıvan: Taxıl tədarükü sürətlə davam etdirilir, bol məhsul əldə olunur
Naxçıvan, 23 iyun, AZƏRTAC
Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında strateji məhsul sayılan taxıl məhsullarına olan tələbatın daxili imkanlar hesabına ödənilməsi məqsədilə kompleks tədbirlərin həyata keçirilməsi prioritet vəzifəyə çevrilib. Torpağın şumlanmasından başlayaraq yetişdirilən məhsulun daşınmasına qədər bütün proseslər ciddi şəkildə nizama salınıb. Muxtar respublikaya yeni texnikaların gətirilməsi, meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi, məhsuldarlığın yüksəldilməsi üçün aqrotexniki tədbirlərin aparılması hesabına hər il bir öncəki ilə görə daha çox taxıl məhsulu əldə olunur.
“Kənd təsərrüfatı ili” elan edilən 2015-ci ilin məhsulu üçün 26 min 746 hektar sahədə buğda, 9 min 491 hektar sahədə arpa olmaqla, ümumilikdə, 36 min 237 hektar sahədə bol məhsul yetişdirilib.
Bu günlər qədim diyarda taxıl tədarükü sürətlə davam etdirilir. İyunun 22-nə olan məlumata görə, artıq 6 min 60 hektar sahənin taxılı tədarük olunub. Taxıl tədarükünə, hələlik 30-a yaxın kombayn cəlb edilib. Toplanmış məhsulun daşınması üçün də tədbirlər həyata keçirilib, kifayət qədər texnika ayrılıb. Məhsul tədarükünə və daşınmasına cəlb edilən texnikalar əvvəlcədən işlək vəziyyətə gətirilib, kifayət qədər yanacaq və ehtiyat hissələr əldə olunub. Bu isə taxıl zəmilərində min bir zəhmətlə yetişdirilən məhsulun vaxtında toplanılacağına əminlik yaradır.
Naxçıvanda taxıl tədarükünə ilk olaraq Ordubad rayonunda başlanılıb. Bölgənin Dəstə, Vənənd, Düylün, Aza kəndlərində ilk günlərin nəticələri belə deməyə əsas verir ki, sahələrdə bol məhsul yetişdirilib, çəkilən zəhmət hədər getməyib. Culfa rayonunun Yaycı, Gülüstan, Ərəzin, Camaldın, Bənəniyar, Babək rayonunun Nehrəm, Çeşməbasar, Yarımca, Güznüt, Kərimbəyli, Nəcəfəlidizə, Qahab, Cəhri, Kəngərli rayonunun Böyükdüz, Şahtaxtı, Qıvraq, Təzəkənd, Çalxanqala, Şərur rayonunun Aşağı Daşarx və başqa yaşayış məntəqələrində taxıl tədarükü sürətlə davam etdirilir. Məhsul yığımının daha mütəşəkkil şəkildə aparılması üçün rayonlarda qərargahlar yaradılıb.
Taxıl tədarükü prosesi ilə yaxından tanış olmaq üçün Babək rayonunun Nehrəm kəndində olduq. Torpaq mülkiyyətçiləri, mexanizatorlar, kənd ağsaqqalları ilə görüşdük. Nehrəm bələdiyyəsinin sədri Tofiq Abutalıbov uzun illər kənddəki ictimai təsərrüfata rəhbərlik edib. Torpağın dilini yaxşı bilir. Söhbətə doğma kəndi haqda məlumatla başlayır. Deyir ki, torpağa halal ruzi-bərəkət mənbəyi kimi baxan nehrəmlilər zəhmətkeş insanlardır. Onlar torpağın hər qarışından səmərəli istifadə edir, bəhrələrini də görürlər. Nehrəm torpaqları müxtəlif bitkiçilik məhsullarının əkilib-becərilməsi üçün çox əlverişlidir. Ona görə də uzun illərdir ki, kənd adamları əkinçilikdə, strateji sahə olan taxılçılıqda zəngin təcrübəyə malikdirlər. Qazanılan təcrübə, taxılçılığın inkişafına göstərilən qayğı məhsuldarlığın ilbəil yüksəldilməsinə, insanların həyat tərzinin yaxşılaşmasına təsir göstərən başlıca amillərdir.
Tofiq Abutalıbov bildirir ki, cari ilin məhsulu üçün Nehrəmdə 2500 hektara yaxın sahəyə toxum səpilib. Artıq kənd adamlarının üzü gülür. Bir neçə gündür ki, məhsulun toplanılmasına başlanılıb. İndiyə qədər 500 hektardan çox sahənin taxılı tədarük edilib. Məhsuldarlıq da yüksəkdir. Yaz yağışlarının taxıla xeyli köməyi olduğunu vurğulayan Tofiq Abutalıbov bizi taxılı tədarük edilməkdə olan sahələrin birinə aparır. Nehrəmin Araqapı deyilən ərazisinə gəlirik. Burada torpaq mülkiyyətçisi Mehralı Cəfərovun 2 hektarlıq taxıl zəmisinin məhsulu tədarük edilir. Sahədə 3 kombayn işləyir. Öyrənirik ki, Tahir və Habil Nemətov qardaşları özlərinə məxsus olan yük avtomobili, traktor və kombaynlar ilə kənd adamlarının təsərrüfat işlərində onlara yaxından kömək edirlər. Bu mövsümdə də ilk olaraq onlar sahəyə çıxıblar.
Mehralı Səfərovun çöhrəsində təbəssüm vari idi. O bildirir ki, zəmidə yaxşı məhsul yetişib. Vaxtında biçinə başlayıblar. Bir azdan Tahir də kombayndan düşüb yanımıza gəlir, söhbətə qoşulur. Deyir ki, ilk günlərin nəticələri ürəkaçandır. Məhsulunu yığdığımız zəmilərdə yüksək məhsuldarlıq var. Çalışırıq ki, itkiyə yol verməyək, taxıl tədarükünü vaxtında başa çatdıraq. Kənddə 5 kombayn var. Ehtiyac olsa, “Naxçıvan Aqrolizinq” ASC-nin xidmətindən də istifadə edəcəyik.
Nehrəmdə əhalinin böyük əksəriyyəti taxılçılıqla məşğul olur. Torpaq mülkiyyətçiləri Asəf Məmmədov 25, Əhməd Həsənov 15, Məhərrəm Niftəliyev 10, Xəlil Babayev 5 hektar sahədə buğda əkiblər. Həmin torpaq mülkiyyətçiləri həm də heyvandarlıqla məşğul olurlar.
Onlardan biri ilə həmsöhbət olduq. Xəlil Babayev bildirdi ki, heyvandarlıqla bərabər, 8 hektar sahədə arpa da əkib. Dünən sahəni biçdirib. Məhsuldarlıq orta hesabla 25 sentner olub. Öyrənirik ki, Xəlil Babayev təsərrüfatında 600 baş xırdabuynuzlu heyvan saxlayır.
Muxtar respublikada taxıl istehsalçılarının
alıcı problemi yoxdur
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il sentyabrın 17-də imzaladığı Sərəncamla təsdiq etdiyi “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq, muxtar respublikada ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Naxçıvanda taxılçılığın inkişafı, istehsalın artırılması belə məhsulların saxlanılması üçün anbarların qurulması zərurətini yaradıb. Son illər “Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində 27 min ton tutuma malik uzunmüddətli və 20 min ton tutuma malik qısamüddətli taxıl ehtiyatı anbarları istifadəyə verilib.
Uzunmüddətli taxıl anbarı hər biri 3 min ton tutumu olan 9 bunkerdən ibarətdir ki, burada yüksək texniki göstəricilərə malik müasir texnoloji avadanlıqlar quraşdırılıb. Həmçinin burada işçilərə normal iş şəraiti yaradılıb, 8 iş otağı, yeməkxana, laboratoriya və digər yardımçı otaqlardan ibarət inzibati bina tikilib istifadəyə verilib. Müəssisə strateji əhəmiyyət daşıdığından burada ildırımötürücü qurğu və yanğından mühafizə sistemi quraşdırılıb.
Ötən il Naxçıvan şəhərində “Bərəkət” Toxumçuluq Təsərrüfatı üçün yeni kompleksin inşasına başlanılıb. İnşaat işləri “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin təcrübəli inşaatçıları və mütəxəssisləri tərəfindən aparılır. Burada toxum, qüvvəli yem və xammal anbarları istifadəyə veriləcək. Əvvəllər dəyirman kimi istifadə olunan bu ərazidə hər birinin tutumu 500 ton olan 48 bunker vardır. Təmir işlərindən sonra bunkerlər toxumun keyfiyyətlə və uzun müddətə saxlanılmasına imkan verəcək. Muxtar respublikanın əsas toxumçuluq bazası olacaq bu kompleksdə taxılla yanaşı, digər kənd təsərrüfatı bitkiləri toxumunun satışı da həyata keçiriləcək.
Görülən işlərin nəticəsidir ki, torpaq mülkiyyətçilərinin istehsal etdikləri taxılın alıcı sarıdan heç bir problemi yoxdur. Muxtar respublikada taxılçılıqla məşğul olan sahibkarlardan buğdanın hər kiloqramı 30 qəpikdən alınır. Bu, taxılçılığa olan marağın daha da artmasına səbəb olur. Taxıl Məmulatları Sənaye Kompleksində mövsümə hazırlıqla əlaqədar lazımi tədbirlər görülüb, havalandırma sistemində, ayrı-ayrı anbarlarda cari təmir işləri aparılıb, rəqəmsal tərəzi mütəxəssislər tərəfindən yoxlanılıb, laboratoriyaya baxış keçirilib.
Naxçıvanın rayonlarından gətirilən sarı kəhrəba “Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində laborator analizdən keçirildikdən sonra 60 tonluq rəqəmsal tərəzidə çəkilərək qəbul olunur. Toxumluq və istehsal üçün nəzərdə tutulan taxıl təyinatı üzrə ayrı-ayrı anbarlara təhvil verilir.
Taxılçılıqla məşğul olan sahibkarlardan Xaləddin Zeynalov, Ramiz Şükürov, Zürab Mehdiyev qeyd etdilər ki, təsərrüfat suyuna olan tələbat vaxtında ödənilib, torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə kreditlər və lizinq yolu ilə müasir kənd təsərrüfatı texnikaları verilib, “Naxçıvan Aqrolizinq” ASC-nin rayon bazalarında aqrotexniki xidmət sarıdan köməklik göstərilib. Həmçinin kənd təsərrüfatı məhsulları istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə dövlət tərəfindən hər hektar sahə üçün 40 manat və mineral gübrələr verilib. Taxılın əkilib-becərilməsi ilə yanaşı, məhsulun vaxtında toplanılmasına və münasib qiymətə “Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsinə də əlverişli şərait yaradılıb.
Sahibkarlar yaradılan şəraitə, göstərilən qayğıya görə dövlətimizə minnətdarlıqlarını ifadə etdilər.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu