REGİONLAR
Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarının fəaliyyətə başlaması ilə bağlı hazırlıq işləri başa çatdırılıb
Naxçıvan, 2 dekabr, AZƏRTAC
Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması ilə bağlı bütün hazırlıqlar başa çatdırılıb.
AZƏRTAC xəbər verir ki, bu ilin ötən dövründə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İran Dəmir Yolları arasında dəmir yollarının rəhbər heyəti və ekspertlərinin iştirakı ilə Naxçıvan, Təbriz, Tehran və Bakı şəhərlərində bir neçə görüş keçirilib, imzalanmış ikitərəfli protokollara əsasən, Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması, onunla əlaqədar tariflər razılaşdırılıb.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətindən bildirilib ki, adıçəkilən dəmir yolu marşrutu üzrə beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması ilə əlaqədar Bakı şəhərindən müasirtipli 3 sərnişin vaqonu gətirilib. Kupe tipli vaqonların hər biri 36 yerlikdir. Vaqonlar istilik və soyutma sistemləri ilə təchiz edilib, marşrut üzrə xidmət göstərəcək bələdçilərə Bakı şəhərində kurs keçirilib. Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarı 3 vaqondan ibarət olacaq. Qatar Culfa stansiyasında (İran) qəbul edildikdən sonra vaqonların təkər cütləri dəyişdirilərək İran İslam Respublikasının Təbriz şəhərinədək hərəkət edəcək, sonra isə vaqonlar Təbriz-Məşhəd qatarına qoşulacaq. Eyni zamanda, geri qayıdarkən vaqonlar Məşhəd şəhərindən Təbrizə qədər, daha sonra isə ayrı lokomotivlə Culfaya (İran) qədər hərəkət edəcək. Culfadan isə Azərbaycana məxsus lokomotivlə Naxçıvan şəhərinə çatdırılacaq.
Naxçıvan və Culfa stansiyalarında sərnişinlərin gömrük və sərhəd buraxılışı qeydiyyatının asanlaşdırılması məqsədilə müasir avadanlıqlar quraşdırılıb. Marşrut üzrə sərnişin biletlərinin satışını onlayn, eləcə də Naxçıvan və Culfa dəmir yolu stansiyalarında yerləşən kassalardan adi qaydada əldə etmək olacaq (İran İslam Respublikasının Culfa, Təbriz, Tehran və Məşhəd şəhərlərinə qədər və əks-istiqamətdə). Sərnişin qatarı Naxçıvan şəhərindən həftədə iki dəfə hərəkət edəcək. Ümumi uzunluğu 1858 kilometr olan Naxçıvan-Təbriz-Tehran-Məşhəd dəmir yolunda Naxçıvandan Məşhədə qədər gediş haqqı 40 İsveçrə frankı təşkil edir. Gediş haqqı tarifinə ağ yataq dəstindən istifadənin dəyəri və bütün yığımlar daxildir. Əks istiqamət üzrə də tariflər eynidir. Tariflər satış tarixində İsveçrə frankının manata olan məzənnəsi ilə müəyyən edilir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında” 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış Çərçivə Sazişində öz əksini tapıb.