REGİONLAR


“Naxçıvan” Universitetində Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dair elmi-praktik konfrans keçirilib

A+ A

Naxçıvan, 24 noyabr, AZƏRTAC

“Naxçıvan” Universitetində Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı: inkişaf meyilləri və problemlər mövzusunda elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən universitetin rektoru, professor İsmayıl Əliyev müasir dünyada cərəyan edən iqtisadi məsələlərin öyrənilməsinin, yeni şəraitdə iqtisadi fəallığın daha da artırılmasının bu gün aktual mövzu olduğunu bildirib. Rektor vurğulayıb ki, ölkəmizin və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının əldə etdiyi iqtisadi inkişaf səviyyəsində istər sahibkarların, istərsə də iqtisadçı kadrların qarşısında mühüm vəzifələr dayanır.

“Aqrar sahədə yeniləşmə və iqtisadi inkişaf” mövzusunda çıxış edən universitetin iqtisadiyyat kafedrasının müdiri Dilsuz Qasımov bildirib ki, kənd təsərrüfatının inkişafı ölkəmizdə və muxtar respublikada həyata keçirilən iqtisadi siyasətin mühüm tərkib hissəsi kimi həmişə diqqətdə saxlanılır. O qeyd edib ki, hələ ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dövründə Azərbaycanın sahib olduğu münbit torpaq, su və iqlim ehtiyatlarından səmərəli istifadə edilməklə qısa müddətdə ölkəmiz keçmiş ittifaq səviyyəsində ön sıralara çıxmışdı. Ümummilli Liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu və müstəqil ölkəmizə rəhbərlik etdiyi dövrdə aqrar sahənin inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində qısa müddətdə Azərbaycanda ərzaq problemi uğurla həll edildi. Müstəqilliyimizin ilk illərində Naxçıvanda aparılmış uğurlu aqrar islahatlar, ölkəmizdə aqrar sahənin inkişafına yönəldilmiş stimullaşdırıcı tədbirlər, torpaq mülkiyyətçilərinin və fermerlərin problemlərinin həll edilməsi hesabına kənd təsərrüfatı sahəsində yeniləşmə və inkişafa nail olunub.

“Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyətinin müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı şöbəsinin müdiri Mircavid Tağızadə qeyd edib ki, yerli potensialdan səmərəli istifadəyə əsaslanmaqla iqtisadiyyatın şaxələndirilməsi, regionun əmək və təbii ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb olunması, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Bildirilib ki, cari ilin 10 ayının nəticələrinə görə, Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsulun həcmi 1 milyard 999 milyon manatdan, onun bir nəfərə düşən həcmi isə 4470 manatdan çox olub. Muxtar respublikada sahibkarlığın inkişafına verilən diqqətin nəticəsidir ki, hazırda regionda 344 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Vurğulanıb ki, hazırda naxçıvanlı sahibkarlar ağır sənayedə, kənd təsərrüfatında, turizm və emal sektorunda uğurlu layihələr həyata keçirirlər.

“Naxçıvan” Universitetinin iqtisadiyyat fakültəsinin dekanı Ceyhun Mahmudov “Regional inkişaf və iqtisadi təhlükəsizliyin təmin edilməsi problemləri” mövzusunda çıxış edib.

İqtisadiyyat fakültəsinin I kurs tələbəsi Aydan Nabatovanın “Ərzaq təhlükəsizliyi” mövzusundakı çıxışı da konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.