REGİONLAR
“Naxçıvan” Universitetində Dövlət Bayrağı Günü qeyd edilib
Naxçıvan, 8 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.
“Naxçıvan” Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər universitetin idarəetmə fakültəsinin təşkilatçılığı ilə ali təhsil ocağının akt zalında Dövlət Bayrağı Günü münasibətilə keçirilən elmi-bədii konfransda səsləndirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra dövlət bayrağımıza həsr olunan videoçarx nümayiş etdirilib.
Sonra idarəetmə fakültəsinin dekanı Elbrus İsayevin, psixoloq Şahnaz Məmmədovanın çıxışları olub. Çıxışlarda bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan dövlət bayrağımız bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Qeyd edilib ki, Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib. Həmin bayraq ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında böyük dövlət xadiminin təşəbbüsü ilə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul olunub.
Vurğulanıb ki, bu gün Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında dövlət atributlarına hörmət və ehtiram yüksək səviyyədədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il avqustun 22-də imzaladığı Sərəncamına əsasən Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılıb.
Tədbirin bədii hissəsində aprel şəhidi Rasim Məmmədovun oğlu Asim Məmmədov şair Asim Yadigarın “Azərbaycan bayrağı” şeirini bədii qiraət edib, universitet tələbələrinin ifasında bir-birindən maraqlı musiqi nömrələri səsləndirilib.