REGİONLAR
“Naxçıvan – bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalının albom-kataloqunun təqdimatı olub
Naxçıvan, 23 sentyabr, AZƏRTAC
Sentyabrın 23-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Naxçıvan – bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalının albom-kataloqunun təqdimatı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının sədr müavini Əli Həsənov albom-kataloqun təqdimatı münasibətilə iştirakçıları və muxtar respublika rəssamlarını təbrik edərək deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində bütün sahələrdə olduğu kimi, rəssamlığın və təsviri sənətin inkişafı sahəsində də ardıcıl tədbirlər görülür. Ötən müddət ərzində Bəhruz Kəngərli Muzeyi, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonu yaradılıb, 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi üçün yeni bina istifadəyə verilib. 2011-ci ildə Rəssamlar Birliyinin 40 illik yubileyi keçirilib, rəssamların çalışdığı köhnə emalatxanalar daha geniş və hər cür şəraitə malik emalatxanalarla əvəz olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Rəssamlar Parkının yaradılması haqqında” 2015-ci il 14 noyabr tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkı istifadəyə verilib və burada görkəmli rəssamın abidəsi ucaldılıb.
Muxtar respublikada gənc rəssam kadrlarının hazırlanmasının da diqqətdə saxlanıldığını, bu məqsədlə Naxçıvan Dövlət Universitetində təsviri incəsənət və rəsmxətt, Naxçıvan Müəllimlər İnstitutunda təsviri incəsənət müəllimliyi ixtisaslarının, məktəbdənkənar təhsil müəssisələrində isə rəsm dərnəklərinin açıldığını vurğulayan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri bildirib ki, Naxçıvanda gənclərin rəssamlıq sənətinə yiyələnmələri üçün bütün imkanlar yaradılıb. Muxtar respublikada yaşayıb-yaradan rəssamların yaradıcılığının stimullaşdırılması üçün tədbirlər görülüb, Azərbaycan boyakarlıq sənətinin klassik və müasir nümayəndələrinin albom-kataloqları hazırlanaraq nəşr etdirilib.
İncəsənətin, o cümlədən təsviri sənətin inkişafının nəticəsidir ki, artıq muxtar respublika beynəlxalq tədbirlərə ev sahibliyi edir. Belə tədbirlərdən biri də “Naxçıvan – bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm Festivalıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına əsasən 2016-cı il mayın 26-da üçüncü beynəlxalq rəsm festivalı keçirilib. Festival çərçivəsində Bəhruz Kəngərli adına Rəssamlar Parkının açılması, eləcə də festivalın “Əlincəqala” tarixi abidəsində keçirilməsi tədbirin əhəmiyyətini artırıb, iştirakçıların dəyərli əsərlər yaratmasına səbəb olub. Bu əsərlərdən ibarət olan “Naxçıvan–bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalının albom-kataloqu Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə nəşr edilib. Nəfis tərtibatda hazırlanan kataloqda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Rəssamlar Parkının yaradılması haqqında” Sərəncamı, parkın açılışı zamanı etdiyi dərin məzmunlu çıxışı, tədbirdən çəkilmiş fotoşəkillər, eləcə də festivalda iştirak edən 52 rəssam haqqında qısa bioqrafik məlumatlar yer alıb, festivalda çəkilmiş rəsm əsərləri verilib.
Əli Həsənov “Naxçıvan–bəşəriyyətin beşiyi” festivalının keçirilməsini və bu dəyərli albom-kataloqun nəşrini himayəsinə aldığına, eləcə də muxtar respublikamızda rəssamlıq sənətinin inkişafına göstərdiyi diqqətə görə təqdimat mərasiminin iştirakçıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib, “Naxçıvan–bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalının kataloqunun nəşri münasibətilə muxtar respublika rəssamlarını bir daha təbrik edib, yaradıcılıq uğurları arzulayıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü, Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı Həbibə Allahverdiyeva Naxçıvanda rəssamlıq sənətinin inkişafına göstərilən qayğıdan danışıb və minnətdarlıqlarını bildiriblər.
Sonra festivalın iştirakçısı olmuş rəssamlara və tədbir iştirakçılarına “Naxçıvan – bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalının albom-kataloqu təqdim olunub.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu